Xəbər lenti

Tramp Avropa liderləri ilə Ukrayna müharibəsinin necə bitəcəyini müzakirə edəcək – The Guardian
Dünya 10:56 26.07.2025

Tramp Avropa liderləri ilə Ukrayna müharibəsinin necə bitəcəyini müzakirə edəcək – The Guardian

ABŞ prezidenti Donald Trampın Böyük Britaniyanın Baş naziri Kir Starmer və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə Şotlandiyaya beşgünlük səfəri çərçivəsində keçirəcəyi danışıqlarda əsas mövzulardan biri Ukraynada müharibəyə son qoymaq olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın The Guardian nəşri Böyük Britaniya və ABŞ-dakı mənbələrə istinadla məlumat  yayıb.

Qeyd olunur ki, Tramp cümə günü Vaşinqtondan ayrılmazdan əvvəl Ukraynadakı müharibə fonunda Rusiyaya qarşı ikincili sanksiyaların tətbiqini nəzərdən keçirdiyini təsdiqləyib.

Fon der Lyayenin sözlərinə görə, onun ABŞ prezidenti ilə görüşü bazar günü, iyulun 27-nə təyin olunub. Nəşr yazır ki, britaniyalı rəsmilər Trampın son həftələrdə Ukrayna və Rusiya ilə bağlı ritorikasında dəyişiklik olmasına nikbin yanaşırlar.

UNİAN daha əvvəl xəbər vermişdi ki, Tramp Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinlə üçtərəfli görüş keçirəcəyini elan edib. Ağ Evin rəhbəri bu cür üçtərəfli danışıqlarda maraqlı olduğunu jurnalistlərlə Şotlandiyaya səfəri öncəsi söhbəti zamanı təsdiqləyib.

Bundan əlavə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukrayna üzrə sülh danışıqları çərçivəsində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüş təşkil etmək niyyətindədir. Onun sözlərinə görə, tezliklə həm Putin, həm də Trampla danışıqlar aparacaq. Ərdoğan həmçinin bildirib ki, Tramp ona Rusiya və Ukrayna liderləri arasında keçiriləcək mümkün sülh danışıqlarında iştirak etmək istədiyini deyib – əgər Putin də bu görüşə razı olarsa.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, iyulun 23-də Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçirilən görüş zamanı tərəflər arasında liderlərin hansı şərtlərlə görüşə biləcəyi məsələsi də müzakirə olunub. Nazir deyib ki, Türkiyədə liderlər sammitinin keçirilməsi barədə prinsipial razılaşma əldə olunub.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->