Xəbər lenti

Fatimənin uğuru gənc qızlar üçün ilham mənbəyidir... (FOTO)
Ölkə 16:15 26.07.2025

Fatimənin uğuru gənc qızlar üçün ilham mənbəyidir... (FOTO)

Yüksəliş müsabiqəsi ölkəmizdə istedadlı, bacarıqlı və liderlik keyfiyyətlərinə malik gənclərin üzə çıxarılması və inkişafı məqsədilə yaradılmış ən nüfuzlu təşəbbüslərdən biridir.

Müsabiqənin final mərhələsində mentor kimi iştirak edən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçılardan yalnız birinə 1 bal vermişdi. Həmin iştirakçı müsabiqənin qalibi oldu. Komitə sədri sevincini Xalq qazeti ilə belə bölüşdü:

– Bu müsabiqə təkcə bilik və bacarığın yox, eyni zamanda iradə, məsuliyyət və ictimai faydaya xidmət etmək istəklərinin qiymətləndirildiyi unikal bir platformadır.

Əvvəlki illərdən fərqli olaraq bu il müsabiqənin qalibləri sırasında yalnız bir qadının – Fatimə Eyyubun yer alması, bu reallığın fonunda böyük mənəvi əhəmiyyət daşıyır. 

Bu dəfə yalnız Fatimə təkcə müsabiqənin deyil, həm də cəmiyyətimizdə qadınların yüksəlişinin simvoluna çevrildi.

Qeyd edim ki, Fatimə Eyyub 2001-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə bakalavr, daha sonra ABŞ-ın Arizona Universitetində beynəlxalq ticarət və biznes hüququ ixtisası üzrə magistratura təhsili almışdır. 

Peşəkar fəaliyyətini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində baş məsləhətçi vəzifəsində davam etdirir. 

O, eyni zamanda vəkildir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Hələ müsabiqənin final mərhələsində mentor kimi iştirak edərkən Fatimə ilə tanış olmaq və onun performansına birbaşa şahidlik etmək imkanım olmuşdu. Ev tapşırıqlarını yerinə yetirərkən 6 nəfərin içərisində göstərdiyi yüksək məsuliyyət, dəqiqlik və təşəbbüskarlıq dərhal diqqətimi cəlb etmişdi. İştirakçılardan yalnız birinə 1 bal vermək imkanından onun xeyrinə istifadə etmişdim. Və nəticədə onun qalib olmasına görə və mənim də düzgün seçim etdiyimə görə çox sevincliyəm.

Fatimənin cəsarəti, özünəinamı, qısa, məzmunlu və qətiyyətli cavabları, səliqəli və peşəkar görkəmi, təbəssümü və yaydığı pozitiv enerji onun necə güclü şəxsiyyət olduğunu göstərirdi.

Məncə o, bu qalibiyyəti ilə yalnız özünü deyil, bütün gənc qadınları təmsil etdi və özünün istədiyi kimi sübut etdi ki, kifayət qədər təcrübəli olmasa da qalib ola biləcəyinə şübhə doğuran bütün stereotipləri qırmaq, hədəflərə doğru irəliləmək, maneələri aşmaq və liderlik etmək onun kimi gənc qadınlar üçün də tam real və mümkündür.

Fatimənin uğuru, mənim üçün sadəcə bir sevinc mənbəyi deyil, eyni zamanda gələcəyə, yeni nəsil qadın liderlərin daha çox və sürətlə yetişəcəyinə olan inamımın möhkəmlənməsi oldu. 

Çünki Yüksəliş müsabiqəsi qadınların liderlik mövqeyində daha fəal iştirakını təşviq edən önəmli bir platformadır və Fatimə Eyyub kimi gənclər bu yolda qazandıqları nailiyyətlərlə bizə göstərirlər ki, ölkəmizin gələcəyi güclü, savadlı və vətənə bağlı insanların əllərində formalaşır.

Fatimənin uğuru gənc qızların hər biri üçün növbəti ilham mənbəyidir... Onun timsalında bütün qızlarımızı cəsarətli olmağa, öz bacarıqlarına inanmağa və yüksək hədəflər uğrunda əzmlə çalışmağa çağırıram.
 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->