1704-cü ildə İsaak Nyuton qələm və kağız götürərək dünyanın sonunu hesablamağa çalışdı.
O, nə teleskopdan istifadə etdi, nə də laboratoriyadan. Bunun əvəzinə Müqəddəs Kitaba, xüsusən də "Daniel" kitabındakı simvolik rəqəmlərə istinad etdi.
Üç əsr sonra Nyutonun bu qeydləri internetdə yayılan bir mite çevrildi. Müasir fizikanın atası dünyanın 2060-cı ildə sona çatacağınımı proqnozlaşdırmışdı?
Qaynarinfo NTV-yə istinadən Nyutonun araşdırmasını təqdim edir:
Nyutonun gizli üzü
Nyuton çoxlarının bildiyi kimi cazibə qüvvəsini kəşf edən, hesablama (kalkulus) elmini inkişaf etdirən və müasir fizikanın əsasını qoyan dahi şəxsiyyət idi.
Lakin onun daha az tanınan tərəfi odur ki, həyatının böyük bir hissəsini simyaya (alçemiya), Müqəddəs Kitabın təfsirinə və qiyamət teologiyasına həsr etmişdi.
"IFL Science"ın verdiyi məlumata görə, Nyuton elmi nəşrlərinin demək olar ki, ikiqatı qədər – 5 milyondan çox söz ehtiva edən dini yazılar qələmə almışdı. Bundan əlavə, təxminən 1 milyon söz simyaya həsr olunmuşdu.
Nyutona görə, kainatı anlamaqla Tanrını anlamaq eyni həqiqətin iki tərəfi idi.
O, dövrün rəsmi Anglikan inancından fərqli olaraq müstəqil və heterodoks bir xristian düşüncəsinə malik idi. Xüsusilə "Daniel” və "Vəhy” kitablarını "ilahi tarixin şifrəsi” kimi görürdü. Onun fikrincə, bu simvollar açıldıqda bəşəriyyətin taleyini oxumaq mümkün olardı.
2060 haradan çıxdı?
Nyutonun 2060-cı il ilə bağlı öncəgörməsi Müqəddəs Kitabdakı bu ifadələrə əsaslanırdı:
"Zaman, zamanlar və yarım zaman 42 ay və ya 1260 gün, yəni üç il yarım deməkdir.
Bu 1260 günlük dövr, M.S. 800-cü ildən - üç kralın qəti qələbəsi anından başlayarsa, M.S. 2060-cı ildə sona çatacaqdır.”
Nyuton bu 1260 günü 1260 il kimi yozmuşdu. Bu, həmin dövrdə protestant şərhçilər arasında yayılmış bir yanaşma idi.
M.S. 800-cü il, imperator Şarlmanın taclandığı və Müqəddəs Roma İmperiyasının qurulduğu il olaraq qəbul edilirdi.
Nyutona görə, bu il xristianlığın pozulmağa başladığı dövr idi.
2060-cı il isə bu pozulmuş sistemin sona çatacağı il olacaqdı.
Lakin bu, Nyutonun nəzərində bir "qiyamət” yox, ilahi bir dəyişiklik demək idi.
Onun fikrincə, 2060-cı ildə Məsih geri qayıdacaq və dünyada sülh və həqiqətə əsaslanan əbədi bir səltənət quracaq.
Gerçək İncil ilk dəfə aydın şəkildə bəyan ediləcəkdi.
Nyuton bu fikirləri niyə gizlədi?
Nyuton bu hesablamalarını və dini baxışlarını heç vaxt dərc etdirmədi. Bu fikirlər yalnız onun kənar qeydlərində, şəxsi məktublarında və yaşlılıq dövrünə aid qaralama yazılarında yer aldı.
Çünki Nyuton Tanrı, İsa və Müqəddəs Ruhun birliyinə əsaslanan klassik xristian inancını rədd edirdi.
Bu isə o dövrün İngiltərəsində cinayət məsuliyyəti ilə nəticələnə biləcək qədər ciddi bir məsələ idi.
O, həmçinin katolikliyə və protestant qurumlarına da tənqidi yanaşırdı. Buna görə bu yazılarını gizlətməyi üstün tutmuşdu.
Nyuton 1727-ci ildə vəsiyyət etmədən vəfat etdi. Onun gizli yazıları əvvəlcə uzaq qohumlarına, sonra isə Anglikan kilsəsinə sadiq Portsmut ailəsinə keçdi və illərlə ictimaiyyətdən gizli saxlanıldı.
1936-cı ildə isə borclara görə açıq hərraca çıxarıldı. Bu sənədləri Qüdsdə doğulan alim Abraham Yahuda aldı və sonda onları İsrail Milli Kitabxanasına bağışladı.
Nyutonun məşhur 2060-cı il məktubu yalnız 1969-cu ildə üzə çıxdı.
Tarixçi Stiven D. Snobelenə görə, Nyuton 2060-cı ildə Məsihin qayıdacağını ehtimal etmiş ola bilər, lakin bunu qəti bir iddia kimi irəli sürməmişdi.
Nyuton kehanətlərə əsaslanaraq dəqiq tarixlər verməkdən çəkinirdi. O yazırdı:
"Bu dövr 2060-cı ildə sona çata bilər. Daha gec də bitə bilər, lakin daha tez başa çatacağına dair heç bir səbəb görmürəm.”
2060-cı ildə nə olacaq?
Bugünkü baxışla Nyutonun həm fizik, həm də qiyamət hesablamaları ilə məşğul olması qəribə görünə bilər.
Lakin 17-ci əsrdə elm (təbii fəlsəfə), simya, astronomiya və teologiya bir-biri ilə iç-içə idi.
Nyutonun kəhanətinə görə 2060-cı ildə dünya yanmayacaq və ya məhv olmayacaq;
əksinə, müharibələr, qarışıqlıqlar və pozulmuş sistemlərin dağılması ilə bərabər ruhani bir yenilənmə başlayacaq.
Bu, fiziki bir qiyamət yox, ilahi nizamın bərpası olacaq.
Günay
Şərhlər