Norveçin vəliəhd şahzadəsi Mette-Maritin oğlu, zorlamada şübhəli bilinən 27 yaşlı Marius Borq Hoybi həbsdən azad edilib.
Qaynarinfo AP-ya
istinadən xəbər verir ki, o, bir həftəni dəmir barmaqlıqlar arxasında keçirib.
Marius Borq Hoybinin azadlığa buraxılması ilə bağlı məlumatı onun vəkili Norveç ictimai yayımçısına təsdiqləyib.
Qeyd edək ki, Hoybi noyabrın 18-də həbs edilib, noyabrın 19-da isə ona qarşı rəsmi olaraq qadını zorlamaqda ittiham irəli sürülüb. Prokurorluq Mette-Maritin oğlunun huşunu itirmiş və ya hansısa səbəbdən müqavimət göstərə bilməyən qadına təcavüz etdiyini iddia edir.
Hadisə ilə bağlı istintaq noyabrın 6-da başlayıb. Qurbanın təxminən 20 yaşı var. Hoybi avtomobildə Norveç şahzadəsinin rəsmi iqamətgahı yaxınlığında həbs edilib. İddialara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində sübut ələ keçirib.
Noyabrın 27-də Marius Borq Hoybi həbsdən azad edilib. Norveç polisi onun hələlik dəmir barmaqlıqlar arxasında saxlanması üçün heç bir səbəb olmadığını bildirib.
"Hazırda biz sübutların dəyişdirilməsi riskinin olduğunu görmürük", - deyə polisdən bildiriblər.
Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları cinsi cinayətlərlə bağlı növbəti araşdırmaya başlayıblar. Hazırda işin təfərrüatları açıqlanmır.
27 yaşlı Marius Borq Hoybi Norveç taxt-tacının varisi, vəliəhd Şahzadə Hokonun ögey oğlu və əvvəlki münasibətdən Mette-Maritin oğludur. Onun kral titulu və ya rəsmi vəzifəsi yoxdur. Oğlan kral cütlüyü və onların iki övladı, Şahzadə İnqrid Aleksandra və Şahzadə Sverre Maqnusla birlikdə yaşayır.
Daha əvvəl, avqust ayında Norveç polisi Marius Borq Hoybini münasibətdə olduğu qadını döydüyünə görə həbs edib.
Nizami Bağırov
Şərhlər