Bioloq Skott Treversin "Forbes" üçün yazdığına görə, bir çoxları "Titanik" gəmisində itən ən dəyərli əşyaların qızıl, pul və ya almaz olduğunu düşünsə də, əslində ən qiymətli itki tamam başqa olub.
Qaynarinfo xəbər verir ki, məlum olub ki, "Titanik"də itmiş ən bahalı yük 40-dan çox yeşikdən ibarət ekzotik quş lələkləri olub. Bu lələklər nəhəng quşlardan toplanıb və Nyu-Yorkdakı papaqçı xanımlara göndərilirmiş. Yükün sığorta dəyəri isə 2 milyon ABŞ dollarından çox olub.
Digər diqqətçəkən itkilər sırasında rəssam Meri-Jozef Blondelin "Hamamda çərkəz qızı" adlı əsəri də yer alır. Bu əsər üçün 100 min dollarlıq iddia qaldırılıb ki, bu məbləğ bu gün üçün təxminən 2 milyon dollara bərabərdir. Bundan əlavə, məşhur "Rubaiyat" əsərinin qiymətli nəşri, beş ədəd "Steinway" royalı, 1912-ci il istehsalı "Renault" avtomobili, Frensis Bekonun ilk nəşrləri, çini məmulatları və hətta tiryək də itirilənlər arasındadır.
XX əsrin əvvəllərində ABŞ-da papaq modası sürətlə inkişaf edirdi və bu səbəbdən lələklərə olan tələbat da artmışdı. Qutan, dəvəquşu və digər quşların lələkləri, hətta bütöv quş bədənləri şlyapaların tərtibatında istifadə edilirdi. Kərolayn Rebu və Lilli Daş kimi tanınmış papaqçıların tələbi nəticəsində quşların kütləvi şəkildə ovlanması baş vermişdi.
Bu prosesdən ən çox zərər çəkən isə karolinalı tutuquşu olub. Bioloq qeyd edir ki, onun parlaq lələkləri papaq istehsalı üçün olduqca məşhur idi və nəticədə bu növ sürətlə yoxa çıxıb. Xüsusilə çoxalma dövrlərində intensivləşən ovçuluq onların məhvinə səbəb olub.
Məhz bu təhlükəyə cavab olaraq "Odubon Cəmiyyəti" yaradılıb və 1918-ci ildə "Köçəri quşlar haqqında qanun" qəbul olunub. Bu qanun ABŞ-da vəhşi təbiətin qorunması istiqamətində dönüş nöqtəsi olub. Lakin karolinalı tutuquşu üçün artıq gec idi - o, modanın qurbanına çevrilmişdi.
Ötən dövrlərdə aparılan ekspedisiyada "Titanik"də nadir "Versal Dianası" heykəli aşkar olunmuşdu. Sonuncu dəfə 1986-cı ildə görülən bu heykəlin artıq aydın və yenilənmiş görüntüsü əldə edilib.
Bundan əlavə, amerikalı milyarder "Titanik"in qəzaya uğradığı əraziyə təhlükəsiz səfərin mümkünlüyünü sübut etmək üçün "Triton" adlı dərinliklərə enə bilən akril sualtı qayıq inşa etdirib. Bu aparat dünyanın ən dərin sualtı səviyyələrinə enə bilən vasitəsi kimi təqdim olunur və "misilsiz" imkanlara malik olduğu bildirilir.
Aydın
Şərhlər