Könül Nuriyeva
Toplum münasibətlər zəminində boy atır, tərəqqi və ya tənəzzül edir. İlk baxışdan adi görünə bilər, lakin münasibətlər dünyanın nizamını yaradır, kiçik, böyük müharibələri, sülh və sazişləri, insan talelərini, pandemiyaları idarə edir.
Bu, hər zaman maraq doğuran və gündəmdən düşməyən bir mövzudur. Göründüyü kimi, münasibətlər mövzusu fərdlərarası və qlobal səviyyədə anlam kəsb edir. Fərdi sferada bəzən "biri olmasın, o biriylə davam edərəm" kimi sadə təsəlliylə ovuna bildiyimiz halda, əslində, münasibətlər zənciri ilə sosial-psixoloji, iqtisadi, siyasi, mədəni sahələri bir arada nəzərdən keçirib dəyərləndirmək lazım gəlir. Şüurun daha dərin qatlarına enməklə mövzunu şərh edə bilərik.
Münasibətlərin pozulması, ya düzəlməsi istiqamətində hər gün çoxlu yazılar oxumalı, mesajlar almalı oluruq. O zaman "niyə” sualını vermək, səbəblərə və nəticələrə baş vurmaq yerinə, qarşı tərəfi günahlandırmaq düşüncəsi beynimizi zəbt edir... Münasibətləri – qəlizliyi və mürəkkəbliyi özündə daşıyan sosial bağlantıları bəndlərə ayırmaq cəhdinin uğursuz olduğunu bilə-bilə bunu edirik. Çünki biz məntiqlə baxıb, bir münasibətin alınmayacağını bildiyimiz halda, onu duyğularla davam etdirməyə israrlı olan, nəticələrin uğursuz olacağını gözə almayaraq irəliləyən insanlarıq; anlaşılmaz, dərin, çoxşaxəli və çoxqatlı insanlar! İndi mövzu üzrə bəzi nüansları nəzərdən keçirməyə çalışaq:
1. Qarşı tərəfdən asılılıq və gözləntilər münasibətin bünövrəsiz olmasıdır. Gözləmək və duyğu asılılığında olmaq münasibətlərin evini yıxır. Hətta deyərdim, münasibətləri dağıtmağın ilk səbəbidir. Səbəb insan təbiətinin asılı olmasıdır! Xoş sözlərdən, mülayim davranışlardan və qarşı tərəfdən sonsuz gözləntilərdən asılılıq. Ən böyük asılılıq isə insanın öz-özündən qurtula bilməməsidir: keçmişindən, acı xatirələrindən, ona ünvanlanmış bəd sözlərdən və başqalarının xətrinə öz istəklərini boğmasından. Burdan incə detalı ayırıb demək istəyirəm ki, məhz bu səbəbdən yeni münasibətə köhnə münasibətin müqayisəsini gətirmək sindromu tənəzzülə aparır. Canlı ünsiyyətdə etika xətrinə bu müqayisədən bir söz deyilməsə də, amansız şüuraltı düşüncələr münasibəti yeyir. Kaş bu acgözlük barama qurdunun tut yarpağını yeməsi kimi faydalı nəticəyə gətirəydi. Hətta cütlüklərin davranışını köhnə və təzə münasibətlərin müqayisəsi gizli-gizli idarə edir. Biz hamımız poeziya ola bilərdik, bunu bacarardıq. Təbiəti, sənəti, yaradıcılığı, sevgini və gözəlliyi canımızda ləyaqətlə və rahat şəkildə daşıya bilərdik, onlarla həmahəng ola bilərdik! Bütün hallarda siyasətçilər, dindarlar və bəzi hallarda valideynlərimiz olmasaydı... Məhz onların söylədikləri biz həyatı dərk etdiyimiz gündən altşüurumuza səhv qaydalar kimi oturub, bizim münasibətlərdə uğursuzluğumuza təkan verib. Bu üç səbəb bizi böyüməyə qoymur, daha doğrusu, genişlənməyə! Dünya böyüklüyündə olmağa, insanın özündən və cismindən böyük olmağa qoymur. İnsanın özündən böyük olması, başqa sözlə söyləsəm, özünü aşması isə sizinlə bölüşəcəyim ən gözəl mövzudur.
Özünü genişləndirməyin sərhədlərini ilk dəfə, təxminən, məktəbəqədər yaşlarımızdan baxdığımız verilişlər və ətrafımızdakı adamlar pozur.
"Sən özünü niyə belə aparırsan, niyə boş-boşuna gülürsən, niyə üstünü batırmısan, niyə, niyə?!." – arxasında günaha hesablanmış yüzlərlə cümlə bizi sıxır, bir ovuca, bir dolaba, nəhayət, bir kitaba, bir evə yerləşdirir. Biz nəhəng, ağır cismin altında əzilən kiçik əşyalara çevrilirik, amma əslində insan enerjisi, sevgisi, yaradıcılıq imkanları və gülüşü ilə çox, çox genişdir axı. Tam demirəm, onu yarıbayarı açarsa, özü özünə heyran qalar. Qiymətləndirmələr, təriflər, öymələr bizə, yəqin ki, xoş təsir edər, lakin zaman keçdikcə ələbaxımlılıq və ağızabaxımlılıq yaradar. İnsan gözləyir... Gözlədikcə hər saat fəlakətə yuvarlandığını fərq etmir. Gözləntidə olmayan insan körpə uşaq kimi rahatdır, xoşbəxtdir, öz mənəvi durumunu nümayiş etdirməyi və özünü təsdiqə can atmağı yoxdur. Gözləməni də iki hissəyə bölsək, biri təbiətdən, digəri insanlardan olmaqla iki qrupa ayırsaq, üzərinə insanın özü-özündən gözləntilərini əlavə etsək, özünüdərketmə asanlaşar.
Ümumiyyətlə, bu boyda gərgin olmaq çətin və mürəkkəb vəziyyətə düşmək arzu olunan deyil. Güclü olmaq kimi üzərimizə qoyulan öhdəlik bizi sıxır. Onun yerinə üsyançı olmaq, mübariz olmaq daha gözəl olardı. Bu üsyan və mübarizlik isə başqalarına qarşı yox, öz mahiyyətinə yönəlsəydi... Nəticə isə yaxşı və pis cəhətlərinlə özün ola bilməyə gətirərdi. Və mənə görə bütün hallarda özün ola bilmək səni ətraf tərəfindən sevilməyən biri etsə də, yaşamağın ən həlledici məsələsidir ki, onu bir ömürdə həll edə bilməyən çoxlu insanlar var.
2. Münasibətlərin qızıl açarı daxili rahatlıq və məmmunluqdur. Rahatlıq və məmnunluq insanın ən vacib və həlledici duyğusudur. Fəqət rahatlığımızı pozan nəsnələr çoxdur. Məsələn, dindarlar günah duyğusunu israrla bizə yükləyirlər. Ardınca siyasətçilər. Onlar çaxnaşma salmaq üçün, müharibə və mənafelər uğrunda savaşlarına bizi minbir yolla ortaq edirlər. Valideynlər, qohumlar, iş, məhəllə kollektivləri bizi özlərinəməxsus ayinlərə, rutinlərə qoşmaqla, hamıdan biri olmağımızı az qala tələb edirlər.
3. Görürsən, özü olmayan biri münasibətləri ucuzlaşdırır, qarşılıqlı inamı, etibarı yaralayır. Belələri adamı özündən narazı, siması kədərli, gülməyi və güldürməyi unudan, qayğılarla yüklənmiş, özünü tanımayan, buna marağı olmayan insana çevirməyə cəhdlər edirlər və nail olurlar. Mənim kimi və mənə bənzər insanlarsa hansısa fikrin köləsi ola bilmir, hadisələr haqqında sərbəst fikir sərgiləyir, özü olmaqdan əl çəkmir, axtarır, özünü müsbət mənada heç sayana qədər baş verəcək kamilləşmədən əl çəkmir. Ancaq bu, adama baha başa gəlir. Çünki biz azıq, çox az... Qohumları sevmək kimi öhdəliyimiz də var, biz bunun əksini kimsəyə söyləyə bilmərik, içimizdəki həqiqəti aşkar etməyib, ikiüzlü olub, sevgi oyunu oynamalıyıq. Saxta sevgilərə öyrədilmiş insan münasibətlərdə parlaq rol oynayır. Məhz buna görə uzunmüddətli münasibətlər yaranmır. Baxmayaraq ki, sevgi heç oyun deyil, istəsələr də, olmur, ola bilmir. Bəlkə də, bu dünyadakı ən dürüst duyğudur. Aid olduğuna tuş gələndə bütün kənar təsirlərdən anındaca sivişib çıxır, sahibinə maqnit kimi təsir edir. Valideynin və mühitin təsirindən çıxa bilməyənlərin mutlu olduğuna inanmıram. Erkən yaşlarından müstəqil yaşamalı olduğunu dərk edənlərin kimisə qohumdu deyə sevmək məcburiyyətində olması, həyatını ona görə müəyyənləşdirməsi o adamın ömrünün bu başdan fatihəsi deməkdir.
4. Gələcəkdə kiminləsə münasibətin nizamsız getməsi, məhz kiçik yaşlardan özünlə qura bilmədiyin münasibətsizlik deməkdir.
5. Mən özüm də tez-tez özümdən narazı oluram, daha gözəl, daha böyük işlər görməli olduğumu, sanki, nə bilim, müharibələrin, valideynlərimin, uşaqlarımın, ya hardasa bir kitab oxumayanın yükünü çəkməli olduğumu düşünürəm, özümü yükləyirəm, yükləyirəm. Və özümü, qadın kimi cildə, bədənə qulluğumu, idmanımı unuduram, "çox işlər görməliyəm” deyib, edib, gecələr meyit kimi yatağıma uzanıram. Fikirləşirəm ki, işlər yenə bitmədi, rahatlığına, xoşbəxtliyinə səbəb olduğum adam az oldu və s. və i.a. Bu mənim idrakımın duman içində olmasındandır, bu mənim uşaqlıqdan bəri böyüdüyüm mühitin təsiridir. Oxuduqlarım mənə bunu təlqin etməyib. Niyə daxili səsimi dinləmirəm? Niyə qorxuram ki, bu gün qohumlarım üçün bu işi görməsəm, mənə qaşqabaq tökərlər? Niyə mən yaşımın bu vaxtında daxili qeyri-asılılığımı əldə edə bilməmişəm? Kimdir səbəb? Bax burda münasibətlərin növbəti pozulmaq səbəbi – yorğunluq və özgüvənsizlik dövrəyə girir.
6. Bir də, nə qədər inkar etsələr də, texnologiyalar duyğusuzluğa gətirib çıxarıb. İnsanlar xəbərləri informasiya bolluğudur deyə tez-tələsik və yarımçıq şəkildə oxuyurlar. Demək olar ki, onlar hiss etmirlər, təsirlənmirlər, duyğulanmırlar. Qazanılmış bu vərdiş münasibətlərdə də özünü göstərir. Duyğu qatilləri münasibətləri qətl edir. İnsan xarakterinin güzgüsü olan münasibətləri nə qədər detallarına qədər araşdırmağa cəhd etsək də, əsas sual yenə ana xətti təşkil edir: "Ən uzunömürlü münasibət neçə il davam edir?" Sual ilk baxışdan konkret görünür. Amma "davam etmək” deyərkən, onun isti, maraqlı və həyəcan dolu davamlılığı nəzərə alınmalıdır. Eynitonluluğa əsaslanan münasibətlər bir il və ya on il davam etsə belə, bunun nə mənası var ki!.. Burdan daha incə nüansı da diqqətinizə çatdırmaq istəyirəm.
Münasibət divarlarını çiyinlərində iki nəfər daşıyır - bunu bilirik. Obrazlı desək, o divarlara hər iki tərəf eyni suvağı, eyni boyanı vura bilirmi, vurmalıdırmı? Səbəb kimi irəli sürülən "mən daha çox sevdiyim üçün, daha çox fədakarlıq etdiyim üçün..." kimi fikirlər münasibətlərin divarlarına eyni vaxtda həm suvaq, həm boya, həm də yumruq və təpik zərbələri kimidir. Çox verdiyi üçün, çox gözləmək, çox fəda etdiyi üçün özünü əvvəllki maraqlarından təcrid etmək tərəf-müqabildən birinin enerjisinin düşməsinə və daha sərt desək, mənfi mənada heçliyə çevrilməsinə gətirib çıxarır. Sənin maraqların, dostların, məşğuliyyətlərin olmasa, enerjin olmasa, azalsa, sən tam şəkildə qarşıdakı adamı içində yerləşdirsən, sənin ondan fərqin olmayacaq ki! Belə olan halda onun özünün eynisinə, özünə oxşarına ehtiyacı olmaz, olmayacaq.
Maqnitin əks və cazib qütbü sıradan çıxıb. Sən onu çox sevməklə maqniti sıradan çıxarmısan, təbiət qanunlarına fərdi dəcəlliyin, aşırı istəyin nəticəsində qarşı çıxmısan. Münasibətləri araşdırmaq, suallar vermək və dərinliyinə enmək məsələnin həllinin bir hissəsidir. Yollar göstərmək lazımdır. Bəri başdan deyim ki, münasibətlərin konkret etalonu yoxdur. "Ağıllı olaramsa, məntiqlə davranaramsa, münasibətim uzunömürlü və isti qalar" düşüncəsi özünü aldatmaqdır. İnsan təbiətinin izaholunmaz harmoniyası münasibətlərin sözlərlə ifadəsi mümkünsüz olan sirridir. Yuxarıda sadaladıqlarım isə köməkçi açarlardı. Əsas açar insanın qatlarının sayı bilinməyən dərinliyində, çox hallarda hətta özünün də baş aça bilmədiyi ecazkar mənəvi dünyasındadır. Bu baxımdan, münasibətlər əsrlər əvvəlki kimi, bu gün və sabah da cazibəli, yüksələn, enən və soyuyan xətt üzrə davam edərək bizi çoxsaylı suallarla üzbəüz qoyur, ağladır və güldürür.
Şərhlər