Xəbər lenti

Mask və Altmandan yeni partiya axtarışı: Texnokratik Amerika mümkündürmü?
Dünya 13:10 07.07.2025

Mask və Altmandan yeni partiya axtarışı: Texnokratik Amerika mümkündürmü?

"OpenAI" şirkətinin baş direktoru Sem Altman siyasi partiyalarda özünə yer tapa bilmədiyini deyir. İlon Mask isə Amerika Partiyası adında yeni bir siyasi qurum yaradılmasını təklif edir. Texnologiya nəhənglərinin siyasətdəki rolu yenidən formalaşır.

Qaynarinfo xəbər verir ki, siyasət qəribə ittifaqlara səbəb ola bilər. "OpenAI" rəhbəri Sem Altman da bu mürəkkəb münasibətlər içində özünü "siyasi cəhətdən evsiz” hiss etdiyini bildirir. 40 yaşlı texnologiya lideri "X" (əvvəlki "Twitter") platformasında paylaşdığı geniş açıqlamada nə Demokratlar, nə də Respublikaçılar partiyasında artıq özünə uyğun yer tapmadığını etiraf edib. O, bir zamanlar dostu, hazırda isə rəqibi olan İlon Maskın təklif etdiyi üçüncü partiya ideyasına da açıq qapı buraxdığını bildirib.

Altman: "Siyasi partiyalar məndən uzaqlaşıb”

Altman qeyd edir ki, bu gün siyasi kimliklərin əvvəlki qədər anlam daşımadığını düşünür. Keçmiş siyasi mövqeyi ilə bu gün arasındakı fərqləri vurğulayan Altman, Amerikan siyasətinin artıq onun ideallarına uyğun gəlmədiyini söyləyir. Elmi və texnologiyanı dünyanın hər il daha yaxşı bir yerə çevirdiyini, lakin bu irəliləyişdən hamının faydalana bilməsinin vacib olduğunu vurğulayır.

Bundan əlavə, sərbəst bazarın hökumətlərdən daha təsirli olduğunu, innovasiya və sahibkarlığın dəstəklənməli olduğunu, təhsilin isə Amerikanın qlobal üstünlüyünü qoruması üçün kritik əhəmiyyət daşıdığını bildirir. Bu baxışlar klassik mənada azadlıqçı (libertarian) düşüncə sisteminə yaxındır.

"Demokratlar Partiyası artıq eyni partiya deyil”

Altman bildirib: "20 yaşımda bu dəyərlərə inanırdım, 30 yaşımda da bu cür düşünürdüm. İndi 40 yaşım var, hələ də eyni prinsiplərə sadiqəm. Əvvəllər Demokrat Partiyası bu dəyərlərə daha yaxın idi, lakin zamanla istiqamətini dəyişdi. Artıq heç bir partiya ilə bağım yoxdur. Amma bu mənim üçün problem deyil; mənim üçün bir partiyaya bağlı olmaqdan daha vacib olan amerikalı olmaqdır”.

Milyarderlər müzakirəsi: bərabərlik, yoxsa sərvətin bölüşdürülməsi?

Altman milyarderlərin varlığını tamamilə ortadan qaldırmaq istəyən siyasətçilərdənsə, hər kəsin bu imkanlara çıxış əldə edə biləcəyi bir sistemi müdafiə edən siyasətçilərlə daha çox maraqlandığını deyir. Bu yanaşma Altmanın "texno-kapitalizm” adlandırıla biləcək ideoloji mövqeyini aydın şəkildə nümayiş etdirir.

Altman deyir: "İnsanları böyük pullar qazanmağa təşviq etməliyik. Daha sonra isə bu sərvəti bölüşdürməyin yollarını tapmalıyıq. Kapitalizmin toplanmış təsirlərini hamı ilə bölüşmək mümkündür”.

Bununla belə, bu yanaşma sərvətin yalnız müəyyən şəxslərin əllərində cəmlənməsini qanuniləşdirirmiş kimi görünür. Altmanın arzuladığı "kapitalist utopiya” da məhz bu ziddiyyətlərin içində formalaşır.

İlon Maskdan Amerika Partiyası təşəbbüsü

Altman siyasi mənsubiyyətini yenidən dəyərləndirdiyi bir vaxtda İlon Mask da üçüncü bir partiya yaratmaq ideyasını gündəmə gətirib. Keçmiş ortaq, indiki rəqib olan Mask, ABŞ-da mövcud olan ikipartiyalı sistemə alternativ olaraq Amerika Partiyası adlı yeni bir qurumun yaradılmasını təklif edir.

4 iyul Müstəqillik Günü münasibətilə "X" platformasında paylaşım edən Mask belə deyib: "İkipartiyalı (bəlkə də təkpartiyalı) sistemdən qurtulmaq istəyirsiniz? Amerika Partiyasını yaratmalıyıqmı?”

Mask bu partiyanın Demokratlar və Respublikaçılar tərəfindən təmsil olunmayan "ortadakı” 80 faizlik kütləni əhatə edəcəyini iddia edir. Lakin bu rəqəmin mənbəyi qeyri-müəyyəndir. Məsələn, "Pew Research" məlumatlarına görə, amerikalıların yalnız 25 faizi heç bir partiyanın onları təmsil etmədiyini düşünür.

Amerika Partiyası nələr vəd edir?

Mask bu yeni partiya üçün hələlik konkret bir proqram və ya siyasi xətt açıqlamayıb. Lakin Sem Altman kimi texnologiya liderlərinin ümumi meyllərinə baxıldıqda, azadlıqçılıq və sahibkarlıq mərkəzli bir baxışın hakim olacağı proqnozlaşdırılır.

"Politico" nəşrinə görə, texnologiya sektorundan tanınan Endrü Yanq da bu mövzuda İlon Maskla təmas qurub. Yanq, özü yaratdığı "İrəli Partiyası” modelində olduğu kimi, qeyri-partizan bir struktur qurmağı hədəfləyir.

Amerikalıların 80 faizi eyni şeyi istəyirmi?

Amerikalıların 80 faizinin ortaq siyasi platformada birləşməsi real görünmür. Lakin Mask və Altman kimi şəxslərin öz maraqları ətrafında bir platforma qurmaq istəyi yeni bir siyasi alət formalaşdıra bilər. Əlbəttə, əvvəlcə bu iki texnologiya nəhəngi arasında olan fikir ayrılıqları aradan qaldırılmalıdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->