"Apple" şirkəti "iPhone" istehsalını Hindistana köçürmək planlarını sürətləndirsə də, Çin hakimiyyəti bu prosesə maneələr yaradır.
Qaynarinfo xəbər verir ki, "The Information" nəşrinin məlumatına görə, Çin hökuməti telefon istehsalı üçün lazım olan avadanlıqların Hindistana tədarükünü bloklamağa başlayıb.
Mənbəyə əsasən, Çin hakimiyyəti yaxın günlərdə "Apple"ın təchizatçılarından birinin "iPhone 17"nin test istehsalı üçün zəruri olan avadanlıqların Hindistana göndərilməsini əngəlləyib.
Bu əməliyyatı həyata keçirmək üçün təchizatçı Cənub-Şərqi Asiyada saxta bir şirkət yaradıb, zəruri avadanlıqları əldə edib və onları Hindistandakı "Foxconn" zavoduna göndərməyə çalışıb.
"The Information" nəşri qeyd edir ki, belə gecikmələr və bloklamalar getdikcə daha tez-tez baş verir. Xüsusilə, "Foxconn" əvvəllər iki həftə ərzində aldığı tədarük icazəsini indi bir neçə ay gözləməli olur və bəzən Çin hakimiyyəti ixrac müraciətlərini heç bir izahat vermədən rədd edir.
"Apple" planlaşdırırdı ki, ABŞ üçün nəzərdə tutulan "iPhone" istehsalının böyük bir hissəsini 2026-cı ilin sonunadək Hindistana köçürsün, lakin Çin hakimiyyətinin addımları bu planları ciddi şəkildə ləngidə və ya tamamilə poza bilər. Analitiklər hesab edirlər ki, Çin dünya elektronika bazarında lider mövqeyini qorumağa çalışır və bazarın əhəmiyyətli bir hissəsindən könüllü olaraq imtina etmək niyyətində deyil.
Hazırda "iPhone 17" seriyasının təqdimatı sentyabr ayında gözlənilir. Şayiələrə görə, yeni nəsildə bütün modellər 120 Hz tezlikli "Pro Motion" ekranlar və 24 MP-lik yenilənmiş ön kamera ilə təklif olunacaq. Üstəlik, "Plus" modelinin yerinə incə "iPhone Air" modeli gələcək.
Məlumatlara görə, yeni Tramp fərmanı "iPhone" modellərinin qiymətində əhəmiyyətli artıma səbəb ola bilər. Proqnozlara əsasən, 128 GB yaddaşlı bazar versiyasının qiyməti 799 dollardan 1142 dollara yüksələ bilər.
Aydın
Şərhlər