Çin hökuməti yerli aviaşirkətlərə ABŞ-ın Boeing Co. şirkətindən yeni təyyarələr qəbul etməyi qadağan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg”
yazıb.
Pekin eyni zamanda ABŞ şirkətlərindən aviasiya ehtiyat hissələri və avadanlıqlarının alınmamasını da tövsiyə edib. Bununla yanaşı, hökumət "Boeing” təyyarələrini icarəyə götürən və bununla bağlı xərcləri artan daşıyıcılara necə yardım ediləcəyini də müzakirə edir.
Aviation Flights Groupun məlumatına görə, Çin aviaşirkətləri hazırda təxminən 10 ədəd "Boeing 737 Max” təyyarəsinin tədarükünü gözləyir. Onlardan hər biri China Southern Airlines, Air China və Xiamen Airlines üçün nəzərdə tutulub. Bəzi təyyarələr artıq Sietldəki istehsal bazası yaxınlığında, digərləri isə Çinin Çjouşan şəhərində yerləşir.
Mənbələrin sözlərinə görə, bəzi tədarüklərə istisna olaraq icazə verilə bilər, çünki bu sifarişlərin sənədləri və ödənişləri 12 aprel tarixində ABŞ-ın qarşılıqlı rüsumlar tətbiq etməsindən əvvəl rəsmiləşdirilib.
Bu xəbərlərin fonunda "Boeing” şirkətinin səhmləri çərşənbə axşamı əvvəlcədən ticarətdə 2,5% ucuzlaşıb.
Xatırladaq ki, İrlandiyanın "Ryanair” aviaşirkəti "Boeing” təyyarələrinin qiymətinin qalxacağı təqdirdə onların tədarükünü təxirə sala biləcəyini bəyan edib. Bu isə istehsalçılarla aviaşirkətlər arasında Trampın ticarət müharibəsi səbəbilə yaranan əlavə xərclərin kimin üzərinə düşəcəyi ilə bağlı gərginlik yaradıb.
"Boeing” şirkəti 2020-ci ildən bəri ən böyük illik zərəri – 11,83 milyard dollar barədə məlumat verib. Zərərin səbəbləri arasında kommersiya və müdafiə bölmələrindəki çətinliklər, eləcə də ABŞ-ın qərb sahillərindəki zavodda fəhlələrin dağıdıcı tətili yer alır.
Alpər
Şərhlər