Xəbər lenti

Belarus hazırlıq görür: Ukrayna ilə müharibəyə qoşulacaqmı?
Dünya 13:42 02.08.2025

Belarus hazırlıq görür: Ukrayna ilə müharibəyə qoşulacaqmı?

"Belarus Rusiyanın hərbi-iqtisadi cəhətdən zəiflədiyi indiki dönəmdə heç vaxt Ukrayna müharibəsinə qoşulmayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Belarusun Ukrayna ilə sərhəddə yeni hava desant-hücum briqadası yaratmasının hansı məqsədlər daşıdığna aydınlıq gətirərkən deyib.

Üzeyir Cəfərov bildirib ki, Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Ukrayna ilə həmsərhəd Qomel vilayətində yeni hərbi desant briqadası formalaşdırır:

"Bu xəbərin indi yayılması müəyyən məqsəd güdür. Lukaşenko Putinlə növbəti görüşə hazırlaşır. Bu fonda onun Putinə demək üçün bir fikri olmalıdır. İndiyə kimi Minsk dəfələrlə qeyd edib ki, onlar Rusiya ilə bir proqram əsasında çıxış edir. Amma Rusiyanın Ukrayna ilə apardığı 4 ilə yaxın davam edən müharibədə Belarus bir nəfərlə də olsa rəsmi səviyyədə Moskvaya dəstək verməyib".
 


Bu mənada həmsöhbətimizin fikrincə, Qomel vilayətində yeni hərbi desant briqadası formalaşdırılması xəbəri də sırf təbliğat xarakteri daşıyır:

"Həmin addımın Belarusun da müharibəyə cəlb olunacağına zərrə qədər aydiyyatı yoxdur. Minsk heç vaxt Ukrayna ilə müharibəyə girməz. Belarus qulağının dibində Ukraynanın nə olduğunu gözəl bilir. Lukaşenko Putindən fərqli olaraq Ukraynaya qarşı atılacaq addımların hansı fəsadlara səbəb olacağını gözəl anlayır. Müharibə başlanandan keçən müddət ərzində Minski prosesə cəlb olunmayıbsa, bundan sonra da belə bir yanlış addım atmaz. Belarusda daxili vəziyyət o qədər də ürəkaçan deyil. Bu mənada yaradılan hava desant hücum briqadası sadəcə olaraq, yalnız daxili auditoriya və müttəfiqi Rusiyaya hər zaman prosesə hazır olduqları görüntüsünü yaratmaq üçün ötürülən bir mesajdır”. 

Qeyd edək ki, Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri (XHQ) Ukrayna ilə həmsərhəd Qomel vilayətində yeni hava desant-hücum briqadası formalaşdırır. Bu barədə XHQ komandiri, general-mayor Vadim Denisenko məlumat verib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->