Azərbaycan Velosiped Federasiyasında (AVF) Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb.
Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə qəhrəmancasına döyüşərək torpaqlarımızın işğaldan azad edilməsində əvəzsiz xidmətlər göstərmiş qazilərin və müharibə iştirakçılarının fiziki reabilitasiyası, idmanla məşğul olmaları, eləcə də bu fədakar və iradəli insanların təcəssümündə cəmiyyətdə sağlam həyat tərzinin təbliği məqsədilə Federasiya rəhbərliyinin qərarına əsasən AVF-də Qazilərlə iş bölməsi yaradılıb.
Bölməyə ictimai əsaslarla rəhbərlik Müdafiə Sənayesi Nazirliyinin məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevə həvalə olunub.
Yeni struktur bölmə qazilər və müharibə iştirakçıları ilə yaxından əməkdaşlıq edəcək, onların AVF-nin imkanlarından geniş bəhrələnərək velosiped idmanı ilə məşğul olmaları, həmçinin fiziki sağlamlıqlarının bərpası, asudə vaxtlarının səmərəli təşkili üçün yarışlar, yürüşlər və s. tədbirlər keçirəcəkdir.
İlk belə tədbirin sentyabrın 27-də Anım Günü ərəfəsində keçirilməsi nəzərdə tutulub. Şəhidlərin xatirəsinə həsr edilmiş qazilərin velosiped yürüşü təşkil olunacaq.
Səbuhi Həsənov
Şərhlər