Xəbər lenti

ARDNF İtaliyada
Ekonomiks 15:26 18.07.2025

ARDNF İtaliyada "Enfinity"nin günəş enerjisi aktivlərinin 49 faizini aldı

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq "Enfinity Global” şirkəti, ARDNF-nin İtaliyada yerləşən ümumi gücü 402 MVt olan günəş fotovoltaik (PV) elektrik stansiyalarından ibarət portfeldə 49 %-lik pay əldə etməsini nəzərdə tutan müqavilə imzalayıb.

Qaynarinfo bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, müqavilənin başa çatmasından sonra "Enfinity Global” 51%-lik payını qoruyaraq və İtaliyanın bərpa olunan enerji bazarındakı güclü mövqeyini möhkəmləndirərək bu aktivlərin effektiv idarəçiliyini həyata keçirəcək.

Bu investisiya, ARDNF-nin uzunmüddətli investor kimi müəyyən edilmiş strateji hədəflərinə və mandatına uyğun şəkildə sabit və proqnozlaşdırıla bilən gəlir mənbəyi yaratmaqla yanaşı, eyni zamanda qlobal miqyasda dayanıqlı enerji keçidinə töhfə verir.

Razılaşma çərçivəsində "Enfinity Global” İtaliyadakı layihə portfelinə investisiya tərəfdaşlarını cəlb edir. Bu, şirkətə mövcud layihələr üzrə kapital dövriyyəsini təmin etməyə və İtaliya üzrə 2,6 GVt günəş enerjisi və 5,3 GVt enerji saxlama gücünə malik layihələrin həyata keçirilməsini sürətləndirməyə imkan verir. Nəticədə, şirkətin ölkədə müstəqil enerji istehsalçısı (IPP) kimi lider mövqeyi daha da möhkəmlənir.

İnvestisiya portfeli həm istismarda olan, həm də tikilməkdə olan və İtaliyanın Latsio və Emiliya-Romanya regionlarında yerləşən günəş elektrik stansiyalarını əhatə edir. İstehsal edilən elektrik enerjisinin uzunmüddətli enerji alqı-satqı müqavilələri (PPA) əsasında satışa çıxarılması nəticəsində istehlakçılar üçün sabit enerji tarifləri, investorlar üçün isə proqnozlaşdırıla bilən pul axınları təmin ediləcək. Portfel üzrə stansiyaların illik təxminən 685 milyon kilovat-saat (GVts) təmiz elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu da hər il təqribən 184,950-ton karbon-dioksid ekvivalentində (CO₂e) emissiyanın azaldılması və 250 minə yaxın İtalyan ailəsinin illik enerji tələbatının qarşılanması deməkdir.

"Enfinity Global” şirkətinin baş icraçı direktoru Karlos Domeneç bildirib: "ARDNF-i İtaliyadakı ilk müqavilə əsaslı fotovoltaik portfelimizə uzunmüddətli tərəfdaş və investor kimi cəlb etməkdən məmnunluq duyuruq. Bu investisiya bütün iştirakçı ölkələr, investorlar və istehlakçılar üçün qarşılıqlı faydalı olan davamlı enerjiyə keçidin parlaq nümunəsidir”.

ARDNF-in İcraçı direktoru İsrafil Məmmədov qeyd edib: "Enfinity Global” ilə bu strateji tərəfdaşlıq vasitəsilə ARDNF İtaliyanın artan enerji tələbatının qarşılanması üçün rəqabətqabiliyyətli və təmiz enerji təchizatına töhfə verir və eləcə də, yerli iqtisadi inkişafın və əhalinin enerji təminatının dəstəklənməsinə xidmət edir. Gələcək yönümlü institusional kapital təminatçısı olaraq İtaliya və ümumilikdə Avropada strateji investisiya imkanlarını dəstəkləməyə davam edəcəyik”.

Əməliyyat çərçivəsində "Enfinity Global” şirkətinə bir sıra məsləhətçi qurumlar dəstək göstərib. Şirkətə bu prosesdə "Mediobanca” maliyyə məsləhətçisi, "Legance” hüquqi məsləhətçi, "Fichtner” isə texniki məsləhətçi qismində xidmət göstərib.

ARDNF-i isə sözügedən əməliyyat üzrə "JLL” birləşmə və satınalmalar üzrə, "Dentons Europe Studio Legale Tributario” hüquqi, "EY” maliyyə və vergi, "DNV” isə texniki məsləhət dəstəyi ilə təmin edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->