İkiqat "Oskar" mükafatçısı Maykl Duqlas aktyorluq karyerasını başa vura biləcəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 80 yaşlı aktyor və prodüserin sözlərinə görə, onun sənətə qayıtmaqla bağlı gerçək niyyəti yoxdur. Bu barədə o, Karlovy Varı Beynəlxalq Kinofestivalında keçirilən mətbuat konfransında danışıb. Tədbir rejissor Miloş Formanın "Dəli Kürəsi" ("One Flew Over the Cuckoo’s Nest") filminin 50 illiyinə həsr olunub.
Maykl Duqlas bildirib: "Mənim çox dolğun bir karyeram oldu. 2022-ci ildən etibarən şüurlu şəkildə işləmirəm, çünki artıq dayanmağın vaxtı gəldiyini başa düşdüm. Demək olar ki, 60 il çalışdım və çəkiliş meydançasında ölən aktyorlardan olmaq istəmədim".
O, hazırkı həyat tərzindən məmnun olduğunu da vurğulayıb: "Mənim konkret planlarım yoxdur. Amma təqaüdə çıxdığımı da demirəm. Əgər xüsusi bir layihə ortaya çıxarsa, geri dönərəm. Yoxsa hər şeydən razıyam. Sadəcə, həyat yoldaşımın [aktrisa Ketrin Zeta-Cons] işinə baxmaqdan zövq alıram".
Duqlas həmçinin qeyd edib ki, hazırda "kiçik bir müstəqil film üçün yaxşı bir ssenarini irəli sürməyə" çalışır. Lakin zarafatla əlavə edib: "Artıq iş axtarmıram. Amma golf bacarığım getdikcə daha da yaxşılaşır".
Maykl Duqlas haqqında digər önəmli məqamlar
Aktorun son rolu "Apple TV+" platformasında yayımlanan Franklin serialında Benjamin Franklin obrazı olub. Layihənin çəkilişləri 2022-ci ildə aparılıb, serial isə 2024-cü ildə təqdim olunub.
Qeyd edək ki, Maykl Duqlas 2010-cu ildə boğaz xərçənginin IV mərhələsi ilə mübarizə aparıb və kimyəvi, eləcə də radiasiya terapiyası keçib. Karlovy Varıda çıxışı zamanı o bildirib ki, əməliyyatdan qaçmaq ona nəsib olub: "Əgər əməliyyat olunsaydım, bu, səsimi itirməyimə və çənəmin bir hissəsinin götürülməsinə səbəb olardı. Bu isə məni aktyor kimi ciddi şəkildə məhdudlaşdırardı".
Aydın
Şərhlər