"Müharibə başa çatdıqdan sonra Ukraynada sülhməramlı qismində aparıcı ölkə olaraq Türkiyənin, həm də Azərbaycanla tandemdə çıxış etməsi ehtimalı daha böyükdür".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev müharibənin dayandırılması fonunda Türkiyənin Ukraynaya sülhməramlı göndərməsi perspektivini şərh edərkən deyib.
"Bunun üçün ilk növbədə müharibə dayandırılmalıdır. Müharibə dayandırıldıqdan, təmas xətti müəyyənləşdikdən, sülh sazişi imzalandıqdan sonra sülhməramlı qoşunların bölgəyə gəlişi tərəflər üçün vacib hesab olunarsa, prosesdə Qərb ölkələrinin iştirakı mümkünsüzdür. Çünki Qərb ölkələrinin prosesdə tərəf olması səbəbindən Kiyev qəbul etsə də, Rusiya bunu heç zaman qəbul etməyəcək. Onlar Ukraynaya dəstək verir, onu maliyyələşdirir. Prosesdə ancaq bitərəf ölkələr çıxış edə bilərlər. Bu rolda əsas ölkə qismində Türkiyənin çıxış etməsi ehtimalı daha böyükdür", deyə Mehman Əliyev bildirib.
Ekspert qeyd edib ki, Türkiyənin həm Kiyev, həm də Moskva ilə münasibətləri normaldır:
"Həm Ukrayna, həm də Rusiya Türkiyə qoşunlarının təmas xəttində olmasını qəbul edə bilərlər. Burada başqa çıxış yolu yoxdur".
Mehan Əliyev Türkiyə ilə yanaşı təmas xəttidə Azərbaycan qoşunlarının olmasını da istisna etmir:
"Azərbaycan Türkiyə ilə tandemdədir. Azərbaycanın da Türkiyə kimi Rusiya və Ukrayna ilə münasibətləri eynidir. İki tərəf də ölkəmizi qəbul edir. Azərbaycan Ordusu keçmiş sovet məkanında formalaşan bir dövlətin ordusu kimi, həm rus, həm də ukraynalıların xarakterini, dilini, ənənələrini gözəl bilir. Bu səbəbdən hesab edirəm ki, Azərbaycan qoşunları da Ukraynada sülhməramlı təhlükəsizlik zəmanəti verən kontingentin tərkibində olacaq. Hətta ola bilsin ki, Qazaxıstan da həmin prosesdə iştirak etsin".
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsinin dayandırılması istiqamətindəki səyləri fonunda bir sıra Avropa ölkələri Kiyevə təhlükəsizlik zəmanəti verməyi düşünür. Bu əsasda onlar müharibənin dayandırılması ilə öz qoşunlarını Ukraynanın mövcud təmas xəttinə göndərməyin müxtəlif yollarını arıyırlar. Lakin Avropada keçirilən rəy soğrularına görə, Qərb seçicilərinin əksəriyyəti öz qoşunlarının sülhməramlı kimi Ukraynaya yeridilməsinə qarşıdır. Bu isə Avropaya həmin addımı atmaqda ciddi əngəl ola bilər. ABŞ isə ümumiyyətlə Ukraynaya əsgər göndərməyəcəyini bəyan edir. O da bəllidir ki, həmin prosesə qardaş Türkiyə də töhfə vermək istəyir.
Rüfət Sultan
Şərhlər