"Ticarət mərkəzləri yanğın üçün həm texniki, həm də təşkilati baxımdan riskli mühitdir".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli "Sədərək" Ticarət Mərkəzində baş verən yanğının səbəblərindən danışarkən deyib.
Ekspert bildirib ki, son illərdə Azərbaycanda baş verən iri yanğınların əksəriyyəti ticarət mərkəzlərində, bazarlarda və iri iaşə obyektlərində qeydə alınıb:
"Bunun bir neçə əsas səbəbi var. Birincisi, çox ciddi tikinti və istismar problemləri mövcuddur. Bir çox ticarət mərkəzləri 1990-2000-ci illərdə sürətlə, bəzən normativlərə tam əməl olunmadan tikilib. Yanğın təhlükəsizliyi standartları ya nəzərə alınmayıb, ya da sonradan formallıq üçün sənədləşdirilib. Elektrik xətləri köhnədir, yüklənməyə hesablanmayıb. İkincisi, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmur. Yanğınsöndürən avadanlıqlar ya işləmir, ya da ümumiyyətlə yoxdur. Təxliyə yolları ya bağlı olur, ya da mallarla tutulur. Sökülməyən, tezalışan materiallardan istifadə edilib".
Akif Nəsirlinin sözlərinə görə, sığorta və kommersiya maraqları məqsədyönlu yanğınların törədilməsinə səbəb olur:
"Bəzi hallarda yanğın hadisələri təsadüfən baş vermir, müəyyən kommersiya məqsədlərinə xidmət edir. Borc, mülkiyyət mübahisələri və ya yeni layihələr üçün ərazi boşaltmaq istəyi fonunda belə hadisələrin şübhəli versiyası da cəmiyyətdə tez-tez səsləndirilir. Ticarət mərkəzlərində çoxsaylı dükan və köşklər olur, hamısında elektrik cihazları, məişət avadanlıqları işləyir. Nəzarət zəifdir, hər kəs öz qaydası ilə iş görür".
Akif Nəsirlinin fikirincə, mərkəzdə işçilərin və satıcıların əksəriyyəti yanğın zamanı necə davranmaq lazım olduğunu bilmir.
Xatırladaq ki, avqustun 24-də "Sədərək” Ticarət Mərkəzində böyük yanğın hadisəsi qeydə alınıb. 2019-cu uldə "EuroHome" ticarət mərkəzində, 2024-cü ildə Bakı, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən "Lotos" ticarət mərkəzində, 2025-ci ildə isə Bakının Nərimanov rayonunda yerləşən "Dərnəgül” taxta bazarında yanğın hadisələri baş verib.
Bahar Rüstəmli
Şərhlər