Xəbər lenti

Zurabişvili gürcü müxalifətinin yeni lideri olacaq? (ŞƏRH)
Dünya 19:04 29.11.2024

Zurabişvili gürcü müxalifətinin yeni lideri olacaq? (ŞƏRH)

"Zurabişvilinin gürcü müxalifətinin yeni lideri olacağı inandırıcı görünmür".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilinin müxalifətin yeni lideri ola bilməsi ehtimalından danışarkən deyib.

Arif Əliyev bildirib ki, Gürcüstanın müxalifət hərəkatında yaşanan problemlərdən biri də məhz ona rəhbərlik edəcək yeni liderin olmamasıdır:

"Yeni lider yerinə iddia edənlərin hamısı artıq köhnə kadrlardır. Bu da açıq şəkildə göstərir ki, hətta mövcud hakimiyyətdən narazı olmayan əhalinin böyük hissəsinin o qədər də xoşuna gəlmir. Ona görə də onlar heç bir tərəfi dəstəkləmir. Zurabişvilinin yeni müxalifət lideri olması ehtimalına şübhə ilə yanaşıram. Çünki Zurabişvilinin əvvəlki fəaliyyətilə bağlı olaraq özünün müxalifətdəki mövqeyi belə xeyli dərəcədə sual altındadır". 
 


Ekspertin fikrincə, etiraz hərəkatı da sönməyə doğru gedir:

"Bu mənada Gürcüstan prezidentinin kəskin hərəkətlərinin hansısa ciddi dəyişikliyə gətirib çıxaracağını düşünmürəm".
 
Həmsöhbətimiz müxalifətin sona qədər parlamenti bokyot edəcəyinə də əmin deyil:

"Bu Gürcüstan müxalifətinin ən ağrılı məsələsidir. Parlamentə qayıtmaq barədə bəzi müxaliflərlə iqtidar arasında danışıqlar gedir. Düzdür, hələlik razılaşmanın əldə olunması barədə məlumat yoxdur. Düşünürəm və tarix də göstərir ki, müxalifətin heç də hamısı parlamenti boykot etməyə dözməyəcək və bir hissəsi müəyyən müddətdən sonra qanunverici orqanın işinə qatılacaq. Müxalifətin müqavimətinin zəifləməsi də bu seçimə təsir göstərir. Amma müxalifət hərəkatı bütövlükdə sönməyəcək, daxilə çəkiləcək. Gürcüstan cəmiyyəti bu cür zorakı davranışı hökumətə bağışlamayacaq. Hansısa başqa bir vaxtda bunlar üzə çıxacaq". 

Qeyd edək ki, Gürcüstan hökumətinin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını 2028-ci ilə qədər təxirə salmaq qərarı ölkədə genişmiqyaslı etirazlara səbəb olub. Prezident Salome Zurabişvili də bu qərara qarşı çıxaraq, hazırda Tiflisdə və ölkənin bir çox yerlərində etirazlara qalxanlara qoşulub. Zurabişvili xüsusi təyinatlı qüvvələrin Azadlıq meydanına gedən yolu bağladığı bir vaxtda onlara yaxınlaşaraq, "Kimə xidmət edirsiniz?” sualını verib və cavab almamağından narazılığını ifadə edib. Hazırda Gürcüstanda vəziyyət gərgin olaraq qalır. Etirazlar davam edir və hökumətin bu vəziyyətə necə reaksiya verəcəyi, eləcə də Avropa İttifaqının bu proseslərə münasibəti böyük maraqla izlənilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->