Xəbər lenti

Zelenskinin Kral Çarlzla görüşü zamanı ərazidə sirli dronlar peyda olub
Dünya 16:00 18.04.2025

Zelenskinin Kral Çarlzla görüşü zamanı ərazidə sirli dronlar peyda olub

Böyük Britaniya kralı III Çarlzın yaşadığı Sandrinhem malikanəsinin üzərində yeni dron uçuşlarına qadağa tətbiq edilib. 

Qaynarinfo "The Sun”a istinadla xəbər verir ki, bu addım prezident Volodimir Zelenskinin bölgəyə səfəri ərəfəsində naməlum pilotsuz uçuş aparatlarının görünməsindən sonra atılıb.

Ukrayna prezidentinin Sandrinhema gəlişindən bir neçə saat əvvəl malikanə üzərində bir neçə dron müşahidə edilib. Onlardan birinə parklanmış avtomobildə oturan kişi tərəfindən nəzarət olunub. Mənbələrin bildirdiyinə görə, bu, təhlükəsizlik xidmətlərini "təlaşa salıb". Dron operatoru müəyyən edilərək onunla söhbət aparılıb. Daha bir drona isə fotoqraf nəzarət edirmiş, lakin qalan dronların mənşəyi bəlli deyil.

Mənbə bildirib: "Sandrinhem üzərində bir neçə dron var idi və onların hamısının kimə məxsus olduğu müəyyənləşdirilməyib. Bir neçə gün sonra burada ilboyu qüvvədə olacaq uçuş qadağası tətbiq olundu".

Təhlükəsizlik xidmətləri ictimai təhlükəsizlik amillərini nəzərə alaraq, malikanə ətrafında uçuşların məhdudlaşdırılmasını tövsiyə ediblər. Qadağa haqqında sənəddə deyilir: "Dövlət katibi qərara gəlib ki, Sandrinhem-Haus (Norfolk) ətrafında uçuşların məhdudlaşdırılması ictimai maraqlar baxımından zəruridir. Bu, kral ailəsinin üzvlərinin yaşadığı məkanda təhlükəsizlik məsələləri ilə bağlıdır”.

Xatırladaq ki, Kral Çarlz Zelenskini martın 2-də qəbul edib. Bu görüş Ukrayna prezidentinin Donald Trampla gərgin münasibətləri fonunda dəstək jesti kimi qiymətləndirilib. Zelenski hərbi helikopterlə saat 17:25-də Sandrinhema gəlib. Kral ilə əl sıxışdıqdan sonra onlar Saloon adlı otaqda görüş keçiriblər. Saat 18:35-də Zelenski geri qayıdıb və görüşü "çox yaxşı” adlandırıb.

Bu səfər, həmçinin, Rusiya kəşfiyyatının mümkün fəallığı fonunda diqqət çəkib. Mənbələr bildirir ki, "Zelenskinin kral Çarlzla görüşü Rusiya casusları üçün böyük maraq doğurardı”.

Qeyd edək ki, əvvəllər bu bölgədə uçuş qadağası yalnız qış aylarında qüvvədə olurdu. Yeni ilboyu qadağa isə martın 6-da qəbul edilib və martın 10-da qüvvəyə minib. Müvafiq əmri nəqliyyat naziri Haydi Aleksander imzalayıb.

Oxşar uçuş qadağaları artıq Anmer-Holl (Uels şahzadə cütlüyünün iqamətgahı), Şotlandiyadakı Balmoral və Vindzor qalası üzərində tətbiq olunub. Bu tədbirlər 2022-ci ildə bir şəxsin kamanla kral iqamətgahına daxil olub "mən buradayam, kraliçanı öldürməyə gəlmişəm” deməsindən sonra gücləndirilib. Həmin şəxs sonradan dövlətə xəyanət ittihamı ilə 9 il həbs cəzası alıb.

Sandrinhem 1862-ci ildən bəri Britaniya monarxlarının tarixi iqamətgahıdır. Hazırda kral Çarlzın reabilitasiya prosesini keçirdiyi məkandır. Lakin kralın nümayəndəsi təhlükəsizlik tədbirləri ilə bağlı şərh verməkdən imtina edib.

Norfolk polisi isə bildirib: "Martın 2-də Sandrinhemdə keçirilən dövlət səfəri zamanı patrul polisi dron müşahidə edib. Operatorun media nümayəndəsi olduğu müəyyən edilib və polislə qısa söhbət aparılıb. Qanun pozuntusu qeydə alınmadığı üçün əlavə tədbir görülməyib”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->