Xəbər lenti

Dünya 13:59 25.04.2025

"Vladimir, dayan!" - Vladimir dayanacaqmı?

"Putinin Trampın çağırışına müsbət cavab verəcəyini gözləmirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Elçin Şıxlı rus qoşunlarının Kiyevə zərbələrindən sonra ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putini dayanmağa səsləməsini şərh edərkən deyib. 

Elçin Şıxlı bildirib ki, Putinin buna gedəcəyi gözlənilmir:

"Onsuz da əvvəldən də bəlli idi ki, Putin atəşkəs istiqamətində heç nə etməyəcək. Trampın nə deməsindən, müharibəni dayandırmaq üçün hansı çağırışda bulunmasından asılı olmayaraq, Putin dayanmayacaq. O, yenə də Ukrayna şəhərlərini, dinc əhalini bombalamaqda, raket zərbələri endirməkdə davam edəcək. Onun burnu əzilməsə, geri çəkilən deyil".
 


Ekspert qeyd edir ki, Trampa öz diliylə desək, sadəcə, sövdələşmə lazımdır:

"O, başqaları ilə ancaq hansısa biznes səviyyəsində, alver səviyyəsində söhbət edir. Bu mənada Trampın Putini dayanmağa çağırmasında miqyas baxımından geosiyasi heç nə yoxdur".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Kiyevdə azı 12 nəfərin ölümü ilə nəticələnən hücumlardan sonra rusiyalı həmkarı Putini yüngülcə qınayıb. Tramp "Truth Social” səhifəsində hücumların "lazımsız” olduğunu deyib və "uğursuz” adlandırıb. "Vladimir, dayan!” Hər həftə 5000 əsgər ölür", deyə Tramp Putinə müraciət edib.

Xatırladaq ki, bu hücum Ukrayna prezidenti Volodimir Zelenskini Cənubi Afrikaya rəsmi səfərini yarımçıq qoymağa vadar edib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->