"Bu addımlar Rusiya ordusunun Ukrayna ərazisində irəliləməsinin qarşısını almaq üçün Ukrayna hərbi komandanlığının qərarı əsasında baş verib. Digər tərəfdən, Kurskdan geri çəkilmək Ukraynanın gücünün çatmadığnın göstəricisidir".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ukraynanın Kursk vilayətində bir sıra yerləri tutub, atəşkəs məsələsinin gündəmə gəlməsilə oranı tərk etməsi fonunda, sonradan Belqorod istiqamətində əməliyyata başlamasının arxasında hansı məqsədlərin dayandığına aydınlıq gətirərkən deyib.
"Hansı ki, bu qərar da icra olundu. Onsuz da Ukrayna ordusu Kurskda uzun müddət qala bilməyəcəkdi. Sadəcə, məqsədləri odur ki, Kurskdan Rusiya ilə danışıq masasında ərazi mübadiləsi mövzusu kimi istifadə etsinlər. Kreml keçən ilin yayından Kursku yenidən ələ keçirməyə çalışırdı. Amma nəticədə heç nə alınmadı. Ona görə ora böyük qüvvələr gətirməyə məcbur qaldı. Belədə Ukrayna Kurskda tutduğu bəzi ərazilərdən geri çəkilməli oldu. Hazırda ruslar Ukraynanın Kurskda tutduğu ərazilərin 86 faizinə nəzarəti bərpa edə bilib. Əvəzində Ukrayna ordusu Belqorod istiqamətində müəyəyn dərinliklərə qədər irəliləyib. Bu da ruslar üçün əlavə problem yaradıb", deyə Üzeyir Cəfərov bildirib.
Ekspert qeyd edir ki, Ukrayna ordusu itkilərin çox olmaması üçün Kurskdan geri çəkilməli olub:
"Ukraynanın gücü çatsaydı, Kurskda qalardı. Belədə itkilərin çox olmaması üçün geri çəkildilər. Amma Zelenski şəxsi heyətin həyatını qorumaq üçün geriyə çəkilmək komandası verdi".
Qeyd edək ki, son vaxtlar Ukrayna Kursk istiqamətində tutduğu ərazilərin xeyli hissəsindən çıxmağa məcbur olub. Ruslar yenidən bu ərazilərə nəzarəti bərpa ediblər. Özü də bu proses atəşkəsə nail olmaq məsələsi gündəmə gələndən dərhal sonra baş verib. Əvəzində Ukrayna ordusu bu dəfə Belqorod istiqamətində hücum təşkil edərək, ərazidə müəyyən qədər irəliləyiblər.
Rüfət Sultan
Şərhlər