Xəbər lenti

Tramp ABŞ-Kanada sərhədini yenidən nəzərdən keçirmək istəyir
Dünya 23:40 07.03.2025

Tramp ABŞ-Kanada sərhədini yenidən nəzərdən keçirmək istəyir

ABŞ prezidenti Donald Tramp ABŞ-Kanada sərhədinin demarkasiyasına dair yüzillik razılaşmanı yenidən gözdən keçirmək niyyətindədir. Ottavada isə Trampın Kanada ilə bağlı anneksiya istəkləri barədə dediklərini artıq zarafat kimi qəbul etmirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazır.

Çərşənbə axşamı Tramp Kanadadan idxal olunan mallara 25 faizlik rüsum tətbiq etdikdən sonra, Kanada baş naziri Castin Trüdo alışılmış ritorikasından daha sərt bəyanatla çıxış edib. Trüdo ABŞ prezidentinin Kanadadan gələn fentanil narkotikinin qarşısını almaq üçün tətbiq edilən tariflərin vacibliyi barədə dediklərini təkzib edib.

"O əsaslandırmalar tamamilə saxtadır, tamamilə əsassızdır, tamamilə yalandır. O, Kanada iqtisadiyyatının tamamilə çökməsini istəyir, çünki bu, anneksiyanı asanlaşdırar", deyə Trüdo bildirib.

"The New York Times" qeyd edir ki, Trüdo artıq Trampın "Kanada qubernatoru" və ABŞ-ın "51-ci ştatı" barədə dediklərini sadəcə uğursuz zarafat hesab etmir. Nəşrin mənbələrinin sözlərinə görə, Kanada baş nazirini ABŞ prezidentinin bu fikirlərini ciddi qəbul etməyə sövq edən konkret səbəblər var.

Fevral ayı ərzində iki ölkə lideri arasında bir neçə telefon danışığı olub və bu söhbətlərdə ikitərəfli ticarət problemləri müzakirə edilib. Danışıqların detalları ictimaiyyətə açıqlanmasa da, "The New York Times"ın mənbələri bildiriblər ki, söhbətlər təkcə gömrük tarifləri ilə məhdudlaşmayıb.

Mənbələrin sözlərinə görə, Tramp telefon danışığı zamanı Kanadanın iqtisadi siyasətinə dair geniş iradlarını səsləndirib və daha fundamental məsələlərə toxunub. O, Trüdoya bildirib ki, 1908-ci il sərhəd demarkasiyası haqqında müqavilənin hüquqi qüvvəsinə inanmır və sərhədə yenidən baxılmasını istəyir.

Bundan əlavə, Tramp iki ölkə arasında sərhəd gölləri və çaylarından birgə istifadə qaydalarını tənzimləyən ikitərəfli sazişlərin də yenidən nəzərdən keçirilməsini tələb edib.

"Kanada rəsmiləri cənab Trampın bu şərhlərini ciddi qəbul ediblər, xüsusilə də ona görə ki, o, artıq açıq şəkildə Kanadanı diz çökdürmək istədiyini bəyan edib. Kanada rəsmiləri Tramp administrasiyasının təhdidlərini boş saymır və ABŞ ilə münasibətlərdə bunu yeni norma kimi görürlər", deyə "The New York Times" yazır.

Xatırladaq ki, bu həftənin əvvəlində ABŞ Kanadadan idxal edilən mallara 25 faizlik rüsum tətbiq edib. Buna cavab olaraq, Kanada ABŞ mallarına analoji tariflər tətbiq edəcəyini elan edib. Bundan sonra Tramp Kanada mallarına əlavə 25 faiz rüsum tətbiq etməklə hədələyib.

Eyni zamanda, Kanadada ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırmasından sonra oxşar ssenarinin öz ölkələrində də təkrarlanmasından ehtiyat edirlər. Xüsusilə Kanadada narahatlıq var ki, Trampın göstərişi ilə "Lockheed Martin" şirkəti Kanada Hərbi Hava Qüvvələrinin elektronika ilə təchiz olunmuş F-35 qırıcılarını məsafədən sıradan çıxara bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->