Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində fəaliyyət göstərən Humanitar Kollec məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, kolleci məhkəməyə verən təhsil ocağının keçmiş işçiləri Vəliyeva Aidə Zakir qızı, Nağıyev Ramil Əvəzağa oğlu, Babayeva Səidə Rasim qızı, Səməd Xəqani Səfər oğlu, Qədimli Aytəkin Yusif qızı və Əsgərova Arifə Nadir qızıdır.
Onların tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Birinci məhkəmə instansiyası kollecin keçmiş işçilərinin iddiasını təmin etməyib. Onlar apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Elnur Həsənovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. Artıq iş üzrə məhkəmə baxış iclasının vaxtı bəlli olub. Baxış iclası aprelin 13-də baş tutacaq.
Humanitar Kollecin direktoru Nərmin Qaralovadır. Nərmin Qaralova Asəf Zeynallı adına musiqi kollecinin (1997-2001-skripka ifaçılığı üzrə), Bakı Musiqi Akademiyasının (2001-2005 bakalavr, 2005-2007 magistratura, 2007-aspirantura) tələbəsi olub.
2005-ci ildən İTV-də aparıcı redaktor, 2007-ci ildən isə AzTV-də aparıcı redaktor vəzifəsində çalışıb.
Televiziya həyatı ilə yanaşı 2008-ci ildən pedaqoji fəaliyyətlə də məşquldur. O, Bakı Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının baş müəllimi olub. 2013-cü ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almaq üçün "Azərbaycan və İran "Şur" dəstgahlarının müqayisəli təhlili" mövzusunda dissertasiya işi yazıb. 2014-cü ildən eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat katibi vəzifəsində çalışıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru (dosent) olan Nərmin Qaralova eyni zamanda ADMİU-nun "Musiqi sənəti” fakultəsinin dekanıdır.
Nərmin Qaralova bir müddət əvvəl tələbə qızı təhqir etməsi ilə gündəmə gəlmişdi. Direktor onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəmiş və onunla bağlı inzibati tənbeh tədbiri görülmüşdü.
Seyid
Şərhlər