Neft qiymətlərindəki kəskin eniş Səudiyyə Ərəbistanının büdcə kəsirini iki dəfədən çox artıra bilər. Bu isə krallığın nəhəng xərcləmə planlarını və strateji layihələrini ciddi şəkildə təhdid altına alır.
Qaynarinfo xəbər verir ki, "Goldman Sachs" bankının Yaxın Şərq və Şimali Afrika üzrə iqtisadçısı Fəruk Sussa neft qiymətlərindəki azalma, qlobal ticarət müharibəsi qorxuları və artan xam neft təchizatının krallığın maliyyə sabitliyinə təzyiq yaratdığını bildirib. O, CNBC-yə verdiyi açıqlamada Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrdə, xüsusilə də Səudiyyə Ərəbistanında çox ciddi büdcə kəsirləri olacağını deyib.
Səudiyyə Ərəbistanının "Vizyon 2030" adlı iqtisadi transformasiya planı çərçivəsində həyata keçirdiyi böyük xərcləmələr artıq dövlət maliyyəsində "şar effekti" yaradıb. Bu planın əsas hissələrindən biri isə səhrada, təxminən Massaçusets ştatı böyüklüyündə yaradılması nəzərdə tutulan və futuristik şəhər modeli olan "Neom" layihəsidir. Layihənin ümumi dəyərinin 1,5 trilyon dollar olacağı təxmin edilir.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Səudiyyə Ərəbistanının büdcəsini tarazlamaq üçün neftin bir barelinin 90 dollardan baha olması lazımdır. Lakin "Goldman Sachs" bu həftə 2025-ci il üçün Brent markalı neftin qiymət proqnozunu əvvəlki 69 dollardan 62 dollara endirib. Bankın hesablamalarına görə, 2024-cü ildəki büdcə kəsiri 30,8 milyard dollardan 70-75 milyard dollara yüksələ bilər.
Sussa qeyd edib ki, bu, daha çox borclanma, daha çox xərclərə qənaət və daha çox dövlət aktivlərinin - məsələn, "Saudi Aramco" və "Sabic"in satışına gətirib çıxara bilər. Bu da həm daxili maliyyə vəziyyətinə, həm də beynəlxalq bazarlara təsir göstərəcək.
Bununla belə, krallığın borc yükü hazırda ÜDM-in 30%-dən aşağı səviyyədədir ki, bu da beynəlxalq miqyasda nisbətən aşağı göstəricidir. Məsələn, ABŞ-da bu rəqəm 124%, Fransada isə 110,6% təşkil edir. Lakin Sussa qeyd edir ki, 75 milyard dollarlıq borc emissiyasını bazarın mənimsəməsi çətin ola bilər.
Sussanın sözlərinə görə, borc göstəricilərinin nisbətən rahat səviyyədə olması krallığın istədiyi qədər borclana biləcəyi anlamına gəlmir. Bu səbəbdən alternativ yollara - kapital xərclərinin azaldılması, vergi artımı və ya dövlət aktivlərinin satışı - müraciət etməli ola bilərlər. Regional iqtisadçılara görə, "Neom" layihəsinin bir çox hissəsi təxirə salına və ya dayandırıla bilər.
Hazırda Səudiyyə Ərəbistanı "S&P Global Ratings" tərəfindən "A/A-1" (müsbət baxış) və "Fitch" agentliyi tərəfindən "A+" (sabit baxış) kredit reytinqinə malikdir. 2024-cü ilin yanvar ayı etibarilə 410,2 milyard dollar səviyyəsində olan yüksək valyuta ehtiyatları krallığa müəyyən dərəcədə maliyyə manevr imkanı yaradır.
Bununla yanaşı, krallıq son illərdə bir sıra iqtisadi islahatlara da imza atıb və xarici sərmayələri cəlb etməyə çalışıb. "S&P Global" sentyabr ayında verdiyi açıqlamada, Səudiyyə Ərəbistanının iqtisadi dayanıqlığını və var-dövlətini artırmağa davam edəcəyini bildirmişdi.
Sussa isə yekunda belə deyib: "Səudiyyə rəhbərliyinin qarşısında müxtəlif variantlar var. Bu variantların hansı kombinasiyasını seçəcəkləri əvvəlcədən təxmin etmək çətindir. Amma burada söhbət bir böhrandan yox, mövcud çətinliklərə hansı vasitə ilə cavab verəcəklərindən gedir".
Aydın
Şərhlər