"Rusiya və ABŞ nümayəndələri arasında keçiriləcək bu görüş iki ölkənin səfirliklərinin işinin normallaşmasına həsr olunacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov aprelin 10-da ABŞ və Rusiya nümayəndələrinin İstanbulda olacaq növbəti görüşünü şərh edərkən deyib.
"Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra iki ölkənin diplomatik korpusları arasında ciddi qarşıdurma yarandı. Səfirliklərdə çalışan diplomatları sayı minimuma endirildi və bu da diplomatik münasibətlərin tam gücü ilə aparılmasına mane törədirdi", deyə Əlimusa İbrahimov qeyd edib.
Ekspert bildirib ki, Donald Trampın prezident seçilməsi və Rusiya-Ukrayna qarşıdurması istiqamətində danışıqlar prosesinin başlanması səfirliklərin işinin intensivləşdirilməsinin vacibliyini önə çıxarıb:
"Ona görə də bu məsələ gündəmə gətirilib. Bu baxımdan İstanbulda keçirilməsi nəzərdə tutulan görüşün sırf səfirliklərin fəaliyyətinin gücləndirilməsinə həsr olunacağı şübhə doğurmur. Həmin görüşdə Rusiya ilə Ukrayna arasında atəşkəslə bağlı hər hansı bir məsələnin müzakirə olunması gözlənilmir. Amma dolayısı yolla bu məsələ ətrafında müzakirələrin aparılacağını istisna etmək olmaz".
Qeyd edək ki, aprelin 10-da Türkiyənin İstanbul şəhərində Rusiya və ABŞ nümayəndələri arasında məsləhətləşmələrin keçiriləcəyi gözlənilir. Bu barədə TASS mənbəsinə istinadən məlumat yayıb.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi TASS-a bildirib ki, Rusiya və ABŞ arasında İstanbulda keçiriləcək məsləhətləşmələrin ikinci raundunda Rusiya nümayəndə heyətinə Moskvanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, amerikalı nümayəndə heyətinə isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.
Rüfət Sultan
Şərhlər