Xəbər lenti

Rusiya terrorçu təşkilat saydığı
Dünya 12:59 18.04.2025

Rusiya terrorçu təşkilat saydığı "Taliban"ı niyə rəsmən tanıdı? (ŞƏRH)

"Kremlin Əfqanıstanın "Taliban" rejimini tanıması bu addımın özünə böyük mənfəət gətirəcəyi ehtimalı ilə bağlıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyanın Əfqanıstanın "Taliban" rejimini rəsmən tanımasını şərh edərkən deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın "Taliban"ı tanıması siyasi-iqtisadi məqsəd daşıyır. Bu addımı atmaqla Rusiya həm də təcrid vəziyyətindən müəyyən qədər çıxdığını düşünür:
 


"Rusiya buna getməklə özü üçün böyük mənfəət görür. "Taliban"la bir sıra Orta Asiya ölkələri sıx əməkdaşlığa başlayıb. Özbəkistan bu rejimlə sıx əməkdaşlığa keçib. Qazaxıstan, Qırğızıstan, Türkmənkistan da onunla münasibətlər yaradıb. Bundan başqa, Hindistan, Çin "Taliban"la sıx əlaqələr saxlamağa çalışır. Bu iki ölkə, xüsusən də Çin gələcək perspektivdə Əfqanıstanda böyük layihələr həyata keçirməyi planlaşdırırlar. 

Orada dəmiryolu da çəkiləcək. Burada həmçinin nəhəng filiz yataqları və digər nadir minerallar da var. Yəni bir çox dövlətlərin Əfqanıstanla bağlı böyük ümidləri var. Rusiya da mövcud şəraitdə bu prosesdən kənar qalmaq istəmir. Ona görə də mövcud situasiyada Kreml də vaxtilə terrorçu təşkilat kimi tanıdığı "Taliban” rejimini rəsmən tanımalı olub".

Qeyd edək ki, Rusiya hökuməti bu günə qədər terrorçu təşkilat kimi tanıdıqları Əfqanıstanın "Taliban” rejimini artıq rəsmən tanıdıqlarını bəyan ediblər. Bu günlərdə "Taliban” rəsmiləri Moskvada səfərdə olublar. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->