"Son ildə Rusiya ordusunda cinayətlərin sayının artmasında müxtəlif cinayətlərə görə məhkum olunanların Ukrayna müharibəsinə cəlb olunması amili mühüm rol oynayıb".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiyada keçən il hərbi cinayət işləri üzrə məhkum edilənlərin rekord həddə çatması səbəbindən danışarkən deyib.
Üzeyir Cəfərov bildirib kiƏ. Rusiya müharibə aparır və Kreml bu müharibəyə ayrı-ayrı kontingentləri cəlb edir:
"Hətta cəzaçəkmə müəssisələrindən ən ağır cəzaya məhkum şəxslər də müharibəyə cəlb edilib. Rusiyada ümumiyyətlə, adam öldürmək, qarət, zorakılıq hallarına görə məhkum olunanlar müharibə iştirakçısı olmaq arzusunu dilə gətirir. Amma bununla belə, hərbi əməliyyatlar dövründə xeyli sayda bu kateqoriyadan olan insanlar ya qarşı tərəfə təslim olub, ya da təkrar cinayətlər törətməklə beləcə yenidən məhkum olunublar".
Həmsöhbətimiz qeyd edir ki, ümumiyyətlə, son illər Rusiyada cəzaçəkmə müəssisələrindən buraxılan şəxslərin 30 faizdən çoxu təkrar cinayət törətməklə yenidən məhkum olunub:
"Rusiya üçün çox ağır olacaq. Müharibədən sonra orada iştirak edənlərin əksəriyyəti normal cəmiyyətə adaptasiya oluna bilməyəcək. Ona görə Rusiyada istər mülki həyatda, istərsə də hərbidə cinayətlərin sayı artmaqda davam edəcək. Baş verənlər onu deməyə əsas verir ki, qarşıdakı dövrdə Rusiya müharibənin acısını yaşayacaq. Bu statistika həmçinin, rus ordusunda özbaşınalığın, hərbi intizamsızlığın baş alıb getməsinin göstəricisidir".
Qeyd edək ki, 2024-cü ildə Rusiyanın qarnizon hərbi məhkəmələri cinayət işləri üzrə ümumilikdə 13 699 nəfəri məhkum edib. Bu, 2010-cu ildən bəri qeydə alınmış ən yüksək göstəricidir. ''Verstka'' nəşri Ali Məhkəmənin nəzdindəki Məhkəmə Departamentinin statistikasına diqqət çəkib. Məhkum olunanların 6 838 nəfəri azadlıqdan məhrumetmə cəzası alıb-bu da son 14 ilin maksimum göstəricisidir. Müqayisə üçün, 2022-ci ildə 4 191, 2023-cü ildə 7 779 hərbçi məhkum olunub. Əvvəllər ən çox məhkum edilmiş hərbçi sayı 2010-cu ildə qeydə alınmışdı - 8 632 nəfər.
Statistikadan görünür ki, 2024-cü ildə narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan hərbçilərin sayı da rekord həddə çatıb - 774 nəfər. Bu sahədə əvvəlki rekord 2015-ci ildə qeydə alınmışdı - 560 hökm.
Rüfət Sultan
Şərhlər