Xəbər lenti

Putin-Zelenski görüşü mümkündürmü və ya nələri dəyişə bilər?
Dünya 13:33 24.07.2025

Putin-Zelenski görüşü mümkündürmü və ya nələri dəyişə bilər?

"Görüşdə heç bir real nəticə əldə edilmədi. Növbəti görüşün keçirilib-keçirilməyəcəyi də müəmma olaraq qalır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ukrayna ilə Rusiya arasında İstanbulda başa çatan danışıqların növbəti raundunun nəticələrini şərh edərkən deyib. 

Həmsöhbətimiz deyir ki, görüşdən əvvəl müəyyən ümidlər puç oldu:

"İstanbul görüşündən əvvəl prosesdə hansısa nəticələrin olacağına müəyyən ümidlər bəslənilirdi. Tərəflər arasında ikinci görüşdən sonra bir sıra ciddi hadisələr baş verib. Trampla Putin arasında son telefon söhbətindən sonra ABŞ prezidentinin rusiyalı həmkarına münasibəti tamamilə dəyişdi. Tramp bu telefon görüşündən sonra Putindən narazı ayrıldı. Nəticədə o, Ukraynaya silah təchizatını davam etdirmək və artırmaq qərarına gəldi. Bu fonda düşünülürdü ki, yaranmış vəziyyət Rusiyanı müəyyən qədər yumşalmağa vadar edə bilər".
 


Ekspertin fikrincə, dünənki görüş əvvəlki iki görüşdən də sönük keçib: 

"Kiyevlə Moskva arasında növbəti görüş baş tutsa da, heç bir real nəticə hasil olmadı. Bundan qabaqkı iki görüşdən qısa çəkdi və onların sadəcə olaraq təkrarı oldu. Əsirlərin dəyişdirilməsi və bir sıra istiqamətlər üzrə danışıqların davam etdirilməsi məsələləri müzakirə olundu. Proses bir daha göstərdi ki, bu iki ölkə arasında danışıqlar hələlik nəticə vermək istiqamətində getmir".

Politoloq qeyd edir ki, Zelenski ilə Putinin görüşməsi də mümkünsüzdür: 

"Ukraynanın ən çox istədiyi liderlərin görüşünün təşkili məsələsidir. Kiyev Zelenski ilə Putinin görüşünün baş tutmasında maraqlıdır. Ona görə də Ukrayna prezidenti belə bir görüşün avqust ayı ərzində baş tuta biləcəyi barədə məlumat verib. Amma Rusiya tərəfindən buna hər hansı bir reaksiya yoxdur. Kremlin fikrincə, liderlər boş-boşuna görüşməli deyillər. Bu səbəbdən avqustda liderlərin görüşü məsələsi hələlik sual altındadır".

Əlimusa İbrahimov düşünür ki, proses yalnız ABŞ-ın Ukraynaya verəcəyi mühüm silahların işə düşməsilə Rusiyanın ona reaksiyası və vəziyyəti fonunda hər hansısa bir formada dəyişə bilər:

"Əsas məsələ isə Trampın Rusiyaya verdiyi 50 günlük möhlət bitəndən sonra onun hansı qərarları qəbul etməsindən və Kremlin də ondan sonra hansı addımları atacağından asılı olacaq".

Qeyd edək ki, dünən İstanbulda Ukrayna və Rusiya nümayəndələri arasında danışıqların üçüncü raundu keçirilib. Tərəflər 40 dəqiqəlik görüş zamanı təkcə hərbi personalın deyil, mülki şəxslərin mübadiləsi barədə də razılığa gəliblər. Görüşdə başqa hər hansı digər irəliləyişlər isə olmayıb. Ukrayna prezidenti Volodimir Zelenski isə avqustun sonuna qədər prezidentlərin görüşünü təşkil etməyi təklif edib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->