Xəbər lenti

Putin və Si Trampı onun öz “razılaşma sənəti” ilə yenəcək - Cozef Bosko
Dünya 13:23 09.04.2025

Putin və Si Trampı onun öz “razılaşma sənəti” ilə yenəcək - Cozef Bosko

Vladimir Putin və Si Szinpin ABŞ Prezidenti Donald Trampa qarşı onun öz "razılaşma strategiyasını” tətbiq edirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə The Hill üçün yazdığı məqalədə politoloq, 2005–2006-cı illərdə ABŞ Müdafiə Nazirliyində Çin üzrə direktor vəzifəsində çalışmış Cozef Bosko bildirib.

Tramp aqressiv tarif siyasətini ABŞ-ın iqtisadi tərəfdaşlarını və müttəfiqlərini tamah və istismarçılıqda ittiham etməklə əsaslandırır.

"Ola bilər ki, dost düşməndən daha pis olsun”, – deyə o, ötən həftə "Azadlıq günü”nü elan edərkən bildirib. Tramp bundan əvvəl hətta iddia etmişdi ki, "Avropa İttifaqı ABŞ-a qarşı yönəlmək üçün yaradılıb”.

Lakin Tramp ticarət balansının mənfi saldosuna görə məsuliyyəti xarici hökumətlərin deyil, əsasən demokrat olan, həmçinin "respublikaçı adına layiq olmayan” əvvəlki liderlərin "axmaq” və "aciz” siyasətinə bağlayır. Onun fikrincə, məhz onlar təcrübəli xarici danışıqlar aparanlara üstünlük qazandırıblar.

Trampın 1987-ci ildə Toni Şvartsla birgə yazdığı "The Art of the Deal” ("Razılaşma sənəti”) kitabında o, öz danışıqlar taktikasını belə izah edir: ilk mərhələdə radikal mövqe tutaraq, sonradan azacıq güzəştə getməklə qarşı tərəfə guya irəliləyiş hissi vermək.

Tramp müttəfiqləri ABŞ resurslarının, o cümlədən təhlükəsizlik sahəsində xidmətlərin istehlakçıları kimi görür. Onun vitse-prezidenti Cey Di Vens bu münasibəti Signal-da sızmış bir yazışmada vurğulayaraq qeyd edib: "Avropanı yenidən xilas etməyə sadəcə nifrət edirəm”.

Lakin Trampın danışıqlar üslubu ABŞ-ın rəqibləri ilə münasibətlərdə köklü şəkildə dəyişir. İlk prezidentliyi dövründə o, Si Szinpini "dost” adlandırıb və pandemiya ABŞ iqtisadiyyatına ciddi zərbə vurduqdan sonra belə, Çin liderinə güvəndiyini bildirib.

İkiüzlü yanaşma

Trampın xarici siyasətdə ikiüzlü yanaşması Ukraynadakı müharibə nümunəsində açıq görünür. O, atəşkəs əldə olunmazdan əvvəl belə, dərhal hərbi əməliyyatların dayandırılmasına çağırıb və hesab edir ki, münaqişənin qızışmasına Qərb və Ukrayna səbəb olub. Tramp və Vens Volodimir Zelenskini, təhlükəsizlik zəmanəti olmadan, ultimatum xarakterli təklifi qəbul etmədiyinə görə tənqid ediblər. Bundan sonra o, Ukraynaya hərbi və kəşfiyyat dəstəyini dayandırıb.
Zelenski razılığa gəlməyə məcbur ediləndə Tramp birtərəfli qaydada razılaşmanın şərtlərini daha sərt edib. Bu isə əvvəlki imtinanın cəzası kimi görünmüşdü.

Putin isə bütün bunlardan öz xeyrinə istifadə edib. O bəyan edib ki, "prinsipcə” atəşkəsə razıdır, lakin təfərrüatların müzakirəsini qeyri-müəyyən vaxta təxirə salıb. Eyni zamanda isə Ukraynanın mülki əhalisini bombalamağa davam edib, ərazi iddialarını genişləndirib və yeni şərtlər irəli sürüb. Bundan əlavə, Putin Trampa "güclü danışıqlar aparan” obrazına istehza ilə portret hədiyyə edib.

Bosko yazır ki, bu cür gedişlər Çin lideri Si Szinpin tərəfindən diqqətlə izlənilir. O, Trampın davranışlarını təhlil edir və yeni geosiyasi oyuna hazırlaşır. Çin artıq – Tramp hələ Ukraynanın suverenliyinə etinasızlıq göstərməmişdən əvvəl Tayvan yaxınlığında hərbi təlimləri intensivləşdirib.

Növbəti mərhələdə Si "qarşılıqlı simpatiya” illüziyasını yaradacaq və xüsusən də Nikson və Kissincer dövrünün köhnə diplomatiyasına istinadla Tayvanın statusu ilə bağlı dezinformasiyanın yayılmasına başlayacaq.

Daha sonra Çin real addım ata bilər – məsələn, Kinmən-Kumoy adasını işğal edə və ya Tayvana iqtisadi blokada tətbiq edə bilər. Cavab olaraq Pekin nüvə müharibəsi ilə hədələyə, Si isə "dostu” Trampla danışıqlar aparmaqla fəlakətin qarşısını almağı təklif edə bilər.

Tayvan Trampın təsiri altında Ukraynanın düşdüyü izolyasiya vəziyyətinə düşmək riski ilə üz-üzədir. Bunun qarşısı yalnız Trampın ABŞ-ın Tayvanı müdafiə etməyə hazır olduğunu açıq və qəti şəkildə bəyan etməsi ilə alına bilər. Beləliklə, müharibənin qarşısının alınması üçün məsuliyyət Çin tərəfinin üzərinə düşəcək.

Trampın rüsum siyasəti – ABŞ prezidenti dünya iqtisadiyyatına necə zərbə vurur?

ABŞ Prezidenti Donald Tramp xarici mallara misli görünməmiş rüsumların tətbiqini elan edib. Belə ki, xaricdə istehsal olunan bütün avtomobillərə və onların ehtiyat hissələrinə 25%-lik rüsum qoyulub.

Buna cavab olaraq Çin ABŞ-dan idxala 34%-lik əlavə rüsumlar tətbiq edəcəyini bəyan edib, bu isə Trampın kəskin reaksiyasına səbəb olub. ABŞ prezidenti ultimatumla çıxış edərək Çinə xəbərdarlıq edib ki, əgər 34%-lik rüsumlar ləğv olunmasa, əlavə 50%-lik rüsumlar tətbiq olunacaq.

Çin isə bildirib ki, əgər ABŞ rüsumların artırılması istiqamətində irəliləsə, Pekin "sonadək mübarizə aparacaq”. Rusiya ilə bağlı isə heç bir rüsum tətbiq olunmayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->