"Rusiya ağlını itirib və görünən odur ki, onun günahı üzündən vəziyyət yaxşılığa doğru getmir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Həsənov Yekaterinburqdakı vandal hərəkətdən sonra Bakı ilə Moskva arasında mövcud diplomatik əlaqələrin sonrakı dinamikasını şərh edərkən deyib.
"Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsinə səbəb keçən ilin dekabrın 25-də AZAL-a məxsus təyyarəmizin Qroznı səmasında vurulması və buna görə Moskvanın cinayətkarları cəzalandırmaması, kompensasiya ödənilməməsi və yüksək səviyyədə üzr istənilməməsi ilə bağlıdır. Ondan sonra Azərbaycana qarşı digər əməllər də törədildi. Azərbaycan mediasına qarşı kiber hücumlar təşkil edildi. Milli Məclisin deputatı Moskvada saxlanılaraq geri qaytarıldı. Yekaterinburqda baş verən son vandal hərəkət də Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat etdi. Buna görə Azərbaycan da adekvat cavablar vermək məcburiyyətində qaldı".
Ekspert hesab edir ki, yaranmış vəziyyətdə gərgin münasibətlər hələ bir müddət davam edəcək:
"Azərbaycan yaxın qonşu olan Rusiya ilə münasibətlərin korlanmasını istəmir. Əsas məsələ odur ki, vəziyyəti gərginləşdirən Rusiya tərəfidir. Bu, göz önəndədir. Azərbaycan Rusiya qarşısında boyun əyəsi ölkə deyil. Azərbaycan müstəqil ölkədir. Rusiya ağlını itirib və görünən odur ki, onun günahı üzündən vəziyyət yaxşılığa doğru getmir. Azərbaycan heç bir halda Rusiyanın vandal hərəkətlərinə göz yummayacaq. Rusiya ilə obyektiv normal münasibətlərin tərəfindəyik. Ona görə də hesab edirəm ki, Moskva səhvini başa düşüb münasibətləri normallaşdırmağa getməyə məcbur olacaq".
Qeyd edək ki, Yekaterinburq vilayətində Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı etdiyi vəhşiliklər istər-istəməz Moskva ilə Bakı arasında mövcud olan normal münasibətlərə xələl gətirir. Azərbaycan hər zaman Rusiya ilə normal dostlıq münasibətlərinin olmasında maraqlı olub. Lakin görünən odur ki, Rusiya bunda o qədər də maraqlı deyil. Belə vəziyyətdə isə iki ölkə arasında diplomatik münasibətlərin bundan sonrakı dinamikasında müəyyən dəyişikliklərin olması da istisna deyil.
Rüfət Sultan
Şərhlər