Moskvada apreldə qar yağması, ABŞ-da baş verən güclü fırtınalar və digər hava anomaliyaları beynəlxalq mediada geniş əks-səda doğurur. Kütləvi informasiya vasitələri bu anomal hadisələrin qlobal iqlim dəyişikliyi fonunda hansı nəticələrə yol aça biləcəyini təhlil etməyə çalışır.
Qaynarinfo dünyanın aparıcı media orqanlarının bununla bağlı xəbərlərini təqdim edir:
"U.S. News & World Report" (Vaşinqton, ABŞ)
Moskvada yumşaq qışdan sonra qar fırtınası
Moskvanı qar fırtınaları bürüyüb və Qırmızı meydan 10 sm qalınlığında qar təbəqəsi ilə örtülüb. Bu, Rusiya paytaxtında qeydə alınan qeyri-adi yumşaq qışdan sonra baş verib. Moskva aqlomerasiyasında - 22 milyondan çox insanın yaşadığı ərazidə - nəqliyyat orqanları artıq qış təkərlərini çıxarmış sürücülərə yolları istifadə etməmələri barədə xəbərdarlıq edib. Rusiyada qış dövründə xüsusi qış təkərlərindən istifadə məcburidir.
"The New York Times" (Nyu-York, ABŞ)
"Getdikcə çətinləşir: İqlim dəyişikliyi fırtınaların daha çox yağıntı gətirməsinə səbəb olur
Temperaturun artması atmosferdə daha çox rütubətin saxlanmasına imkan verir ki, bu da yağıntıların daha intensiv şəkildə düşməsinə gətirib çıxarır. Son vaxtlar ABŞ-ın mərkəzi və cənub-şərq bölgələrinə yağan güclü yağış və fırtınalar, ölkənin şərq hissəsində yağıntıların artması tendensiyasına uyğun gəlir. ABŞ Atmosfer və Okeanlar üzrə Müşahidə İdarəsinin 1991-2020-ci illəri əhatə edən məlumatlarına görə, şərqdə yağıntıların miqdarı XX əsr boyu qeydə alınan səviyyədən çox olub. Bunun əksinə olaraq, ölkənin qərb bölgəsində yağıntıların miqdarı azalıb.
"Presse-Citron" (Paris, Fransa)
Avropa iqlim xaosunun təsirini hiss edir
Sığorta şirkətləri təbii fəlakətlərdən yaranan zərərlərin artdığını bildirirlər. Yeni bitmiş mart ayı tamamilə qeyri-adi keçib. Avropa, xüsusən də Fransa, mövsümə uyğun olmayan istilərdən əziyyət çəkib, ardınca quraqlıq, daha sonra isə leysan nəticəsində torpaqların su altında qalması baş verib. İqlim alimləri bu dəyişiklikləri illərdir gözləyirdilər, lakin onların bu qədər sürətli və şiddətli olması hətta ən pis proqnozları belə üstələyib. Bu cür fəlakətlərin və xəbərdarlıqların daha nə qədər baş verməsi lazımdır ki, qərarvericilər real dəyişikliklərə başlamağa cəsarət etsinlər?
"Sri Lanka Guardian" (Kolombo, Şri-Lanka)
Mərkəzi Asiyada anomal istilər iqlim dəyişikliyi ilə əlaqələndirilir
Alimlərin bildirdiyinə görə, bəzi bölgələrdə havanın temperaturu orta göstəricidən 15 dərəcə yüksək olub və bu vəziyyət gələcəkdə daha tez-tez müşahidə ediləcək. Mərkəzi Asiyanın bəzi ərazilərində temperatur +30°C-yə qədər yüksəlib ki, bu da region üçün yaz fəslində görünməmiş bir haldır. Alimlər hesab edir ki, bu cür anomal istilər artıq hər üç ildən bir təkrarlana bilər. Əgər istixana qazlarının emissiyası əhəmiyyətli şəkildə azaldılmasa, bu cür ekstremal hava hadisələrinin sayı artacaq.
"Al Jazeera" (Doha, Qətər)
Mart ayında qeydə alınan rekord qlobal temperatur iqlim üçün təhlükəni açıq şəkildə göstərir
Alimlər xəbərdarlıq edirlər ki, qlobal iqlimin cüzi istiləşməsi belə ekstremal hava hadisələrinin – anomal istilər, güclü yağışlar və quraqlıqların – miqyasını və tezliyini artırır. Ötən ay Avropada bir sıra ərazilər tarixdə ən quraq mart ayını, digərləri isə ən yağışlı mart ayını yaşayıb. Alimlər bildirirlər ki, Mərkəzi Asiyada baş verən istilik dalğaları iqlim dəyişikliyi ilə əlaqəlidir və bu dəyişikliklər Argentinada güclü yağışlara da şərait yaradıb. İqlim dəyişikliyinin əsas səbəbi isə fosil yanacaqların yandırılması nəticəsində atmosferə buraxılan istixana qazlarıdır. Təbiət fəlakətlərinin artan xərclərinə baxmayaraq, bir sıra ölkələrdə bu emissiyaların azaldılmasına yönəlmiş siyasi iradə zəifləyir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə iqlim dəyişikliyini "absurd” adlandırmışdı.
Aydın
Şərhlər