Azərbaycan Prezidentinin imzaladığı sərəncama uyğun olaraq yanvar ayından etibarən ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Bu o deməkdir ki, yanvardan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş verilə bilməzdi. Yəni minimum əməkhaqqı alan vətəndaşlar yanvar ayı üçün maaşlarını 16 faiz artımla almalı idilər.
Lakin məlumata görə, Bakı Metropolitenində işçilərin maaş artımı hələ də verilməyib.
Sözügedən qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edib ki, Bakı Metropoliteni üçün işçilərin rifahı və əməyinin dəyərləndirilməsi prioritet məsələdir. O qeyd edib ki, hazırda bu məqsədlərə uyğun əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələr aparılır:
"Struktur islahatları çərçivəsində maliyyə və təşkilati məsələlərlə yanaşı, əməkhaqlarına yenidən baxılması da kompleks şəkildə nəzərdən keçirilir. Həmin prosesin həyata keçirilməsi müəyyən zaman tələb edir və biz əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanır, onlara təşəkkürümüzü bildiririk".
Şərhlər