"Məni heç kim partiyadan çıxara bilməz. Mən nəinki partiyanın üzvüyəm, bu partiyanın yaradıcılarından biriyəm".
Bunu Qaynarinfo-ya açıqlamasında Ədalət Partiyasının təşkilat məsələləri üzrə sədr müavini Mütəllim Rəhimli partiyadan kənarlaşdırılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Mütəllim Rəhimli bildirib ki, bir neçə şəxsin onunla bağlı bəyanatı İlyas İsmayılovun ruhuna hörmətsizlik və xəyanətdir:
"Nizamnaməyə görə Ədalət Partiyasının üzvünü onun rayon təşkilatı üzvlükdən çıxara bilər. Rayon təşkilatının da belə bir qərarı yoxdur. Aprelin 19-dan da Siyasi Şura da yoxdur. Siyasi Şura olmadığından məni partiyadan çıxartmaq haqqında qərar da qəbul edə bilməzlər. Üstəlik belə qərar verərkən Siyasi Şuranın 6 üzvünü də toplaya bilməyiblər, bunun özü saxtakarlıqdır. Onların qərarı saxtakarlıq və yalanla dolu bir aldatmadan başqa bir şey deyil".
Mütəllim Rəhimli hesab edir ki, Ədalət Partiyasını parçalamaq mümkün olmayacaq:
"Həmin insanların da niyyəti ancaq bundan ibarətdir. Bunların qərarının heç bir əsası yoxdur və çox təəssüf edirəm ki, bunlar siyasi faciə içərisində boğulurlar"
Qeyd edək ki, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) Mütəllim Rəhimovun partiyadan çıxarılması ilə bağlı bəyanatda isə deyilir:
"Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) bir qrup şəxsin toplantı keçirməsi ilə bağlı məsələni araşdıraraq qərar qəbul edib. Qərarı MNTK sədri Çingiz Abbasov açıqlayıb:
Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası 26 aprel 2025-ci il tarixdə bir qrup şəxsin toplantı keçirməsi təşəbbüsünü və "qərar” qəbul etməsini Nizamnaməyə zidd hesab edir. MNTK sədri aprelin 25-də bununla bağlı təşəbbüskarlardan biri Mehman Əliyevə xəbərdarlıq etmiş və belə tədbirlərin Ədalət Partiyası adından keçirilməsinin yolverilməz olduğunu bildirmişdir.
Bununla belə MNTK-nın xəbərdarlığına məhəl qoyulmamış, Nizamnaməyə zidd hərəkətlər davam etdirilmişdir. Yığıncağa Ədalət Partiyasının üzvü olmayan şəxslər dəvət olunaraq, onlarla partiyadaxili məsələlər müzakirəyə çıxarılmışdır.
MNTK bəyan edir ki, 19 aprel 2025-ci ildə Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilmiş, partiyanın növbəti IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmış və bununla da bütün səlahiyyətlər Təşkilat Komitəsinə keçmişdir. Bundan sonra bu cür təşəbbüslər partiya daxilində pozuculuq fəaliyyəti yaratmağa və ictimaiyyəti aldatmağa xidmət edir.
Ədalət Partiyasının MNTK-sı bildirir ki, partiya Nizamnaməsinin 4-cü maddəsində üzvlərin hüquq və vəzifələri göstərilib və hər kəs ona riayət etməyə borcludur. Lakin bir qrup şəxs yuxarıda qeyd edilən hərəkətləri ilə Nizamnamənin 4.6.1 (Partiyanın Nizamnamə tələblərinə əməl etmək), 4.6.2 (Partiyanın Proqramında qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün çalışmaq), 4.6.3 (Partiyanın fəaliyyətində və onun keçirdiyi konkret tədbirlərdə fəal iştirak etmək), 4.6.4 (Partiya orqanlarının və səlahiyyətli şəxslərin qanuna və bu Nizamnaməyə uyğun tapşırıqlarını yerinə yetirmək), 4.6.5 (Partiya yoldaşları ilə münasibətlərini qarşılıqlı hörmət və qayğıkeşlik əsasında qurmaq), və 4.6.6-cı maddələrinin (Partiyada və cəmiyyətdə fəaliyyətini mövcud qanunlar və etik normalar əsasında qurmaq, partiya üzvü adını uca tutmaq, öz bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə çalışmaq) tələblərini kobud şəkildə pozmuşdur. Buna görə də onların əməllərinə Nizamnamənin 4.6.9-cu maddəsində göstərilən qaydada hüquqi qiymət verilməsi zərurəti yaranmışdır.
MNTK Nizamnamənin 5.10-cu maddəsində və "Əsasnamə”də ona verilmiş səlahiyyətlərə istinad edərək, aprelin 26-da bir neçə partiya üzvünün təşəbbüsü ilə Ədalət Partiyası adından keçirilməsinə cəhd olunan yığıncağın partiya ilə heç bir əlaqəsi olmadığını bildirir. Bu yığıncağa təşəbbüs göstərmiş partiya üzvləri Vüsalə Dadaşovaya, Mehman Əliyevə və Meydan Babayevə xəbərdarlıq edir. Bu cür hərəkətlərə davam edəcəkləri təqdirdə Nizamnaməyə uyğun olaraq daha ağır cəza ala biləcəklərini onların diqqətinə çatdırır.
Xatırladaq ki, Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilib. İclasda uzun müddət partiyanın təşkilatlanma prosesinin qarşısını məqsədyönlü şəkildə alaraq, nizamnamənin kobud şəkildə pozulduğu qeyd olunub və bununla bağlı Mütəllim Rəhimli Ədalət Partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunub.
Bahar Rüstəmli
Şərhlər