"Tərəflər arasında güvənsizlik olduğundan İran uran ehtiyatlarını ABŞ-ın Rusiyaya vermək tələbinə heç bir halda razı olmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Omandakı danışıqlarda ABŞ-ın İrandan uran ehtiyatlarını Rusiyaya təhvil vermək tələbini şərh edərkən deyib.
Ekspert qeyd edir ki, İran üçün ABŞ-a güvənmək asan məsələ deyil:
"ABŞ ilə İran arasında aparılan nüvə danışıqları getdikcə daha mürəkkəb və ziddiyyətli bir xarakter alır. Tərəflər arasında qarşılıqlı etimadsızlıq bu danışıqların gedişatına ciddi təsir göstərir. İran tərəfi ABŞ-ın etibarlı bir tərəfdaş olmadığını düşünür. Bu fikrin formalaşmasında ABŞ siyasi rəhbərliyi daxilindəki fikir ayrılıqları, xüsusilə də bu fərqliliklərin zaman-zaman mediaya sızması mühüm rol oynayır. Rəsmi Tehran hesab edir ki, Vaşinqton regional məsələlərdə, xüsusilə də Yaxın Şərq siyasətində, əsasən İsrailin maraqlarını ön plana çıxarır və bu səbəbdən də İran üçün bu danışıqlarda ABŞ-a güvənmək asan deyil".
Ekspert qeyd edib ki, İran üçün məqsəd yalnız ABŞ-la razılıq əldə etmək deyil, eyni zamanda beynəlxalq ictimaiyyətdə öz mövqeyini möhkəmləndirmək və mümkün sanksiyalardan çıxış yolu tapmaqdır:
"Bu güvənsizlik İranı alternativ zəmanət axtarışına yönəldir. Tehran, nüvə fəaliyyətləri ilə bağlı daha geniş beynəlxalq mexanizmlərə, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və danışıqlarda iştirak edən digər ölkələrə, əsaslanmağa çalışır. Digər tərəfdən, ABŞ da İranın nüvə proqramına skeptik yanaşır. Vaşinqton düşünür ki, İran gələcəkdə bu texnologiyanı hərbi məqsədlərlə inkişaf etdirə bilər. Ona görə də, ABŞ danışıqlar vasitəsilə İranın nüvə proqramını ciddi şəkildə məhdudlaşdırmaq istəyir. Burada məqsəd yalnız təhlükəsizlik deyil, həm də bölgədə ABŞ maraqlarının qorunmasıdır.
Nəticə olaraq, ABŞ–İran nüvə danışıqları sadəcə iki dövlətin masada oturaraq qarşılıqlı razılıq axtarmasından ibarət deyil. Bu proses həm də tərəflərin bir-birinə olan güvənsizliyinin, daxili və regional siyasi reallıqların, eləcə də qlobal güc balanslarının əks olunduğu mürəkkəb bir diplomatik oyundur. Ona görə də İran öz uran ehtiyatını ABŞ-ın tələb etdiyi kimi Rusiyaya verməyə heç zaman razı olmayacaq”.
Qeyd edək ki, "Quardian” nəşrinin yazdığına görə, ABŞ İrandan uran ehtiyatlarını Rusiyaya təhvil verməyi tələb edib.
Bu məsələ Omandakı danışıqlarda gündəmə gətirilib. Tehran isə hələlik buna razılıq verməyib. Onlar son dörd il ərzində yığılan ehtiyatların Beynəlxalq Atom Enerjisi Agentliyinin ciddi nəzarəti altında İranda qalmalı olduğunu bildirirlər.
Rüfət Sultan
Şərhlər