"İsrail HƏMAS-ın siyasi partiyaya çevrilməsinə razılıq verməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Fələstinin HƏMAS hərəkatının silahı yerə qoyaraq, siyasi partiyaya çevrilməyə hazır olduğu barədə bəyanatını şərh edərkən deyib.
Kənan Rövşənoğlu bildirib ki, HƏMAS əslində siyasi partiya idi:
"Yəni Yaxın Şərqdəki vəziyyətə uyğun olaraq həm hərbi, həm də siyasi qanadı var idi. 2006-cı ildə Fələstində keçirilən parlament seçkilərində HƏMAS hazırkı hakim FƏTH Hərəkatına qalib gəlmişdi. Daha sonra da Qəzzada hökumət qurdu. İndi söhbət ondan gedir ki, Misir İsrailin də tələbinə uyğun olaraq Qəzzanın silahlı qruplardan təmizlənməsini təklif edib. Yəni silahı buraxıb sadəcə siyasi fəaliyyətlə məşğul olsunlar. HƏMAS da buna prinsipə razılıq verib".
Ekspert deyir ki, bu təklifin baş tutması üçün müəyyən şərtlər var:
"Mən açığı inanmıram ki, İsrail Misirin təklifinə əməl etsin. Çünki Netanyahu Qəzzada nəzarəti tam ələ keçirmək və HƏMAS, "İslami Cihad" kimi silahlı qrupları ləğv etmək istəyir. Buna nail olana qədər davam edəcək".
Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı siyasi partiyaya çevrilməyə hazır olduğunu açıqlayıb. Bu barədə "Al Hadath" kanalı məlumat yayıb.
Kanalın mənbələri bildiriblər ki, yaraqlılar anklavdan kənarda təqib olunmasalar, HƏMAS-ın ayrı-ayrı liderlərinin Qəzza zolağından getməsinin əleyhinə deyillər.
HƏMAS lideri Taher əl-Nununun müşaviri dünən bildirib ki, Fələstin tərəfi İDF-nin anklavdan çıxarılmasına və atəşkəsə səbəb olacaq ciddi razılaşma müqabilində girovları azad etməyə hazırdır.
"Haaretz" mənbələrinin bildirdiyinə görə, Misirin təklifi HƏMAS-ı hücum silahlarından əl çəkərək, HƏMAS və ya digər Fələstin qrupları ilə əlaqəsi olmayan texnokratlardan ibarət Qəzza zolağı üçün mülki idarəetmə strukturu olan Sosial Dəstək Komitəsi yaratmağa çağırır.
Rüfət Sultan
Şərhlər