Xəbər lenti

Guardian: Putin üçün müharibə Trampla yaxşı münasibətlərdən daha vacibdir
Dünya 11:24 22.07.2025

Guardian: Putin üçün müharibə Trampla yaxşı münasibətlərdən daha vacibdir

Rusiya lideri Vladimir Putin görünür, ABŞ prezidenti Donald Trampın ultimatumundan narahat deyil. 

Qaynarinfo xəbər verir ki, "The Guardian” qəzetinin yazdığına görə, analitiklər və Kremlə yaxın mənbələrin fikrincə, bu, Rusiya liderinin ABŞ-la münasibətlərin pisləşəcəyini çoxdan öncədən proqnozlaşdırdığını və Ukrayna müharibəsini hələ də əsas prioritet hesab etdiyini göstərir.

Qəzet qeyd edir ki, Moskva Trampla münasibətlərin pisləşməsini təəssüf doğuran hal kimi qiymətləndirsə də, mənbələr bildirirlər ki, Putin əvvəldən müharibəyə üstünlük verməyi planlaşdırıb. O, hələ də əmindir ki, Rusiya qoşunları hücum edir və Ukraynanın müqaviməti tezliklə qırılacaq.

"Moskva Trampla heç nə alınmamasına görə məyus və qəzəblidir. Amma Putinin Trampla yaxşı münasibətlərə dair gözləntiləri nə olursa-olsun, bunlar Ukraynada maksimum hədəflərlə müqayisədə həmişə ikinci dərəcəli olub. Putinin fikrincə, Ukraynaya müdaxilə mövcudluq məsələsidir", – deyə keçmiş yüksək rütbəli Kremlin rəsmisi bildirib.

Analitik Tatyana Stanovayanın fikrincə, Moskvada Trampla möhkəm münasibətlərin qurulacağına dair ümidlər və gözləntilər olsa da, əsas senari hər zaman ABŞ-ın daha sərt sanksiyalar tətbiq etməsi və Ukraynaya daimi silah tədarükü olub.

Tramp bu ilin əvvəlində Ağ Evə qayıtdıqda, əvvəlcə Putinin qarşısında strateji fürsət açıldığı təəssüratı yaranmışdı – NATO-nun birliyini sarsıtmaq və Qərbin Ukraynaya uzunmüddətli sadiqliyinə şübhə yaratmaq imkanı.

Lakin "The Guardian” yazır ki, bu "bal ayı" ötən həftə başa çatıb. Tramp açıq şəkildə Putinin atəşkəsə razılaşmamasından məyus olduğunu bildirib.

"Tramp xüsusilə onun Putinlə şəxsi təmaslarının – altı telefon danışığının – heç bir nəticə verməməsindən narazı qalıb. Bu, eqosu ilə tanınan lider üçün şəxsi təhqir kimi qəbul edilib".

Qəzetə danışan keçmiş Kremlin rəsmisi qeyd edib ki, iki lider arasında telefon danışıqlarından sonra Ukrayna şəhərlərinin nümayişkaranə bombalanması "strateji səhv" olub və Putin Trampın reaksiyasını düzgün anlamayıb.

"Putin Trampı alçaltmaq niyyətində olmayıb, amma açıq-aşkar ağılsız hərəkət edib", – deyə mənbə vurğulayıb.

Bununla belə, bir çox rusiyalı rəsmilər və hərbi bloqerlər Trampın hədələrini gözlənildiyindən daha yumşaq hesab edərək, onları Putinə faktiki olaraq 50 günlük "kart-blanş" verilməsi kimi qiymətləndiriblər.

"50 gün ərzində çox şey baş verə bilər – və Putin bunu bilir. O, Trampı emosional və təsirə açıq biri kimi görür", – deyə Rusiya xarici siyasət elitasındakı başqa bir mənbə bildirib. "Moskva Vaşinqtonla münasibətlərdə addımlar atmağa davam edəcək. Onlar bu parçalanmanı geri dönməz hesab etmirlər".

Kremlin keçmiş rəsmisi əlavə edib ki, Putin zəif görünmək ideyası ilə "məzlumcasına" məşğuldur və Trampın hədələri qarşısında mövqeyini yumşaltmayacaq.

Əhalinin arasında müharibənin dayandırılmasına real meyillər müşahidə olunsa da, Putini yaxından izləyənlər üçün onun Trampın sülh şərtlərini rədd etməsi təəccüblü deyil.

"Bu müharibədə 100 mindən çox rusiyalı həlak olub. Putin evə yalnız "gerçək qələbə” sayılacaq bir nəticə ilə dönə bilər", – deyə keçmiş Kreml rəsmisi bildirib.

ISW analitiklərinin yazdığına görə, Putini Ukrayna ilə danışıqlara məcbur edəcək yeganə amil Rusiya ordusunun döyüş meydanında darmadağın olunmasıdır. Bu isə yalnız Ukraynaya müttəfiqlərin yetərincə hərbi dəstək göstərməsi ilə mümkündür və aylarla, hətta fəsillərlə ölçülən hərbi əməliyyatlar tələb edir.

Bu arada Trampın keçmiş müşaviri Con Bolton bildirib ki, ABŞ prezidenti görünür, Rusiya təcavüzünə qarşı Ukraynanı dəstəkləməkdə deyil, Ukraynadan – həm diplomatik, həm də hərbi baxımdan – uzaqlaşmaqda daha çox maraqlıdır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->