"Elektrikli avtomobili istehsal etmək, yığmaq, onu ərsəyə gətirmək daha rahat və ucuz başa gələndir. Buna görə də elektrikli avtomobillərin qiymətinin nisbətən azalacağı gözlənilir. Bu tendensiya getdikcə aratacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev Azərbaycanda elektrik avtomobillərinin ucuzlaşmasından danışarkən deyib.
Ekspert statistikaya nəzərən bu il idxalın artdığını vurğulayıb:
"Bu, həm də iqtisadiyyatın güclənməsini göstərir, çünkü alıcılıq qabiliyyəti artır. Hər nə qədər bunun əksini söyləyənlər olsa da, bunlar real rəqəmlərdir. Ölkəyə avtomobil idxalı çoxalıb. Sevindirici bir məqam var ki, ölkəyə idxal edilən avtomobillərin buraxılış ilinə görə məhdudiyyət var. Yəni, istehsalı 10 ildən çox olan nəqliyyat vasitələrini ölkəyə gətirmək artıq mümkün deyil. Bu o deməkdir ki, ölkəyə gətirilən nəqliyyat vasitələri yenidir. Ölkəyə gətirilən müasir, həm hibrid, həm də elektrik mühərrikli avtomobillərdir. Bu avtomobillər həm qənaətcildir, həm ekonomikdir, eyni zamanda təhlükəsizlik sistemləri yüksək səviyyədədir. Həm də ekologiya dostudur. İstər hibrid, istərsə də elektrik olsun, bunlar ekologiyaya daha az zərər vururlar. Bu da dünya ekologiyasına öz müsbət töhvəsini verir”.
Elektrikli avtomobillərin ucuzlaşmasına gəlincə, ekspert hazırda rəqabətin genişləndiyini qeyd edib:
"Bütün markalar bu istiqamətə yönəlir, çünki dövrün tələbidir. Getdikcə demək olar ki, daxili yanma mühərrikli nəqliyyat vasitələri bazarda az paya sahib olacaq. Bu da onların yerini elektrik avtomobilərin tutacağını göstərir. Bütün markalar elektrikli avtomobillər istehsal etməyə çalışır. Bu da böyük rəqabət yaradır”.
Yasin Mustafayev Çinin bu sahədə lider olduğunu əlavə edib:
"Onlar öz aralarında qiyməti aşağı, keyfiyyəti yüksəltmək istiqamətində bir yarışa giriblər. Bu da ümumi bazara müsbət təsir göstərir. Ümumi bazarda qiymətin aşağı düşməsi, keyfiyyətin yüksəlməsinə təsir göstərir. Ümumiyyətlə, elektrikli avtomobillərin quruluş mexanizmi sadədir. Orada daxili yanma mühəriki yoxdur, elektrik mühəriki var. Elektrik mühərriki də sadə bir sistemdir. Bir də qiymətinə dəyər qatan onun batereyalarıdır”.
Xatırladaq ki, 2025-ci ilin ilk yarısında Azərbaycana gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında ölkəyə 47 minə yaxın minik avtomobili idxal olunub.
Elektromobillər və hibrid nəqliyyat vasitələri üzrə göstəricilər daha da diqqətçəkicidir. Bu onu göstərir ki, insanlar daha çox elektriklə işləyən, lakin həm də yanacaqla hərəkət edən modellərə üstünlük verir.
Bahar Rüstəmli
Şərhlər