"Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə Ali Komisarı ilə danışıqlar gərgin, bir qədər də prinsipial xarakter daşıyacaq"
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Taleh Əliyev Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali Komisarı və ATƏT-in Baş katibi Kaya Kallasın Azərbaycana səfərlərini şərh edərkən deyib.
Həmsöhbətimizin fikrincə, ATƏT-in Baş katibi ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin Azərbaycana səfərlərini bir-birindən fərqləndirmək lazımdır:
"ATƏT Baş katibinin səfəri regional xarakter daşıdığından bu daha çox qurumun regionla əməkdaşlığını özündə ehtiva edən və əlaqələrin yeni müstəviyə çatdırılması xarakteri daşıyır. Bu təmaslar əsasında Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun fəaliyyətinin artıq de-fakto bitdiyi və de-yure olaraq ləğvilə bağlı məsələdə qurumun özünün də aktivlik göstərməsi istiqamətində müəyyən çağırışlar ola bilər".
Ekspert düşünür ki, Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə Ali Komisarı ilə danışıqlar isə bir qədər gərgin və bir qədər də prinsipial xarakter daşıya bilər:
"Aİ ilə Azərbaycan arasında enerji təhlükəsizliyi məsələsində əməkdaşlıq olsa da, qurumda əsas söz sahibi Fransanın anti-Azərbaycan və imperiya ambissiyaları səbəbilə bu ali strukturla Bakının siyasi, diplomatik münasibətlərində cidid gərginlik yaşanır. Məhz Fransanın müdaxiləsi səbəbindən uzun müddətdir Bakı ilə İrəvan arasında vasitəşilik missiyası dondurulmuş vəziyyətdədir. Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının birtəfəfli qaydada müddətinin artırılması da şübhəsiz ki, müzakirələrin ciddi xarakter daşıyacağına işarədir".
Ekspert iddia edir ki, Aİ ilə Bakı arasında yaşanan fikir ayrılığı daha çox qurumun öz reputasiyasını korlayır:
"Amerika tərəfindən tərk edilmiş vəziyyətdə qalan Aİ-nin hazırda tərəfdaş ölkələrlə bərabər və qarşılıqlı maraq əsasında əməkdaşlığa başlamaqdan başqa çarəsi yoxdur. Əks təqdirdə bu struktur öz legitimliyini tamamilə itirəcək".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün - aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib. İlham Əliyev bu gün həmçinin ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu da qəbul edib.
Rüfət Sultan
Şərhlər