Çində süni almaz istehsalında texnoloji sıçrayış dünya almaz sənayesini ciddi təzyiq altına salıb.
Qaynarinfo "Financial Times"a istinadən xəbər verir ki, getdikcə daha çox istehlakçı təbii daşlardan imtina edərək, qiymət və əlçatanlıq baxımından daha sərfəli olan laboratoriyada yetişdirilmiş brilyantlara üstünlük verir.
Süni almazlar ucuzlaşır, bazar dəyişir
Almaz bazarı üzrə analitik Pavel Zimnitskinin sözlərinə görə, bu gün 3 karatlıq laboratoriya brilyantı təbii ekvivalentinin cəmi 7 faizi qiymətinə satılır. Məsələn, 2020-ci ildə qüsursuz 3 karatlıq süni brilyantın pərakəndə qiyməti təxminən 28 900 ABŞ dolları idisə, 2025-ci ilin ikinci rübünə bu qiymət 3 900 dollara qədər enib.
ABŞ bazarı artıq süni almazlarla doludur
Süni brilyantlar artıq ABŞ bazarında geniş yayılıb. The Knot adlı toya hazırlıq platformasının sorğusuna görə, respondentlərin yarıdan çoxu nişan üzüyü üçün süni brilyant seçib. Ekspertlər bu tendensiyanın davam edəcəyini və süni daşlara marağın daha da artacağını proqnozlaşdırırlar.
Britaniyalı zərgərlik ustası Fey Lyunun sözlərinə görə, bu, təbii almaz bazarı üçün fəlakətdir. O, həm təbii, həm də laboratoriya daşlarından istifadə edir, lakin bazardakı kəskin dəyişiklikləri real təhlükə kimi dəyərləndirir.
Çin: süni almaz istehsalının lideri
Nəşrdə qeyd olunur ki, laboratoriyada yetişdirilən zərgərlik daşlarının 70%-dən çoxu Çində istehsal olunur. Bu sahənin əsas ticarət mərkəzi isə Henan əyalətidir. Həmçinin bildirilir ki, rəsmi mənşə ölkəsi kimi daşın cilalandığı ölkə göstərilir, bu da Çinin sektorda faktiki üstünlüyünü "gizlədir”.
Çindəki fabriklər süni brilyantları ucuz elektrik enerjisi ilə istehsal edir və bu, istehsal xərclərini aşağı salır. Üstəlik, bu zavodlarda istifadə olunan avadanlıqların ixracı qadağandır, bu isə rəqiblərin texnoloji baxımdan geri qalmasına səbəb olur.
Almaz sənayesinin nəhəngi De Beers belə rəqabətə tab gətirə bilmir. Şirkətin "Lightbox” adlı süni almaz brendi ilə bazara daxil olması qiymət müharibəsini daha da dərinləşdirib.
Alıcıların portreti də dəyişir
Əvvəllər brilyantlar dəbdəbə və toylarla əlaqələndirilirdisə, indi Çində onları hətta təqaüdçülər də alır. Bu, almaz bazarında köklü sosial və iqtisadi dəyişikliklərin başladığını göstərir.
Aydın
Şərhlər