Bişkekdə Rusiya səfiri Sergey Vakunova Qırğızıstan vətəndaşlarının Moskvada kütləvi şəkildə saxlanılması ilə bağlı rəsmi nota təqdim edilib. Qırğızıstan Xarici İşlər Nazirliyi 11 aprel tarixində Moskvanın "Bodrost” hamam kompleksində keçirilən hüquq-mühafizə əməliyyatının araşdırılmasını və bu zaman güc tətbiqinin əsaslandırılmasını tələb edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant”ın məlumatında
deyilir.
"Rusiya tərəfinə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatın səbəbləri və Qırğızıstan vətəndaşlarına qarşı güc tətbiqi ilə bağlı məlumat təqdim olunması, əgər güc tətbiqi əsaslandırılmamış sayılarsa, Moskva şəhərinin hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı müvafiq tədbirlərin görülməsi ilə bağlı rəsmi nota təqdim olunub”, – deyə respublika XİN-dən bildirilib.
Aprelin 11-də Moskvada yerləşən "Bodrost” hamamında əsasən Qırğızıstandan olan onlarla miqrant saxlanılıb. Reyddən yayılan görüntülərdə OMON əməkdaşlarının kişiləri üzüüstə yerə yıxıb, ayaqları ilə vurduğu və onları diz üstə getməyə məcbur etdiyi görünür. "Readovka” Telegram kanalı bildirib ki, qeyri-qanuni miqrantlar hamamı "işğal edərək” oraya rusları buraxmaqdan imtina ediblər. Kanalın məlumatına görə, təxminən 40 nəfər saxlanılıb, bir neçəsinə Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (giriş və qalma rejiminin pozulması) ilə protokol tərtib olunub. Müəssisə rəhbəri isə Cinayət Məcəlləsinin 322.1-ci maddəsi (qanunsuz miqrasiyanın təşkili) üzrə yoxlanılır.
Qırğızıstan parlamentinin deputatı Canar Akayev bildirib ki, OMON Moskvada bir qırğız sahibkara məxsus hamama hücum edib. O, Rusiya hüquq-mühafizə orqanlarını "sadəcə işini görən və sakit həyat yaşayan insanlara qarşı bu cür vəhşi hərəkət və zorakılığı törədənləri” məsuliyyətə cəlb etməyə çağırıb. "Görülən zərərlər ödənilməli və üzr istənilməlidir!” – deyə o, Facebook hesabında yazıb.
Alpər
Şərhlər