Suriyanın keçmiş prezidenti Bəşər Əsəd 2024-cü ilin dekabrında ölkəni tərk edərkən ən azı 500 min dollar nağd pul, habelə məxfi məlumatların olduğu noutbuk və sərt diskləri götürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" mənbələrə
istinadən məlumat yayıb.
Suriyanın yüksək rütbəli rəsmisi bildirib ki, Ərəb Respublikasının yeni hökuməti xaricə aparılmış dövlət vəsaitlərini geri qaytarmaq niyyətindədir.
Agentliyin məlumatına görə, Bəşər Əsədin baş iqtisadi müşaviri Yassar İbrahim keçmiş Suriya liderinin qiymətli əmlakını (rəsmlər və kiçik heykəllər daxil olmaqla), qohumlarını və köməkçilərini BƏƏ-yə daşımaq üçün şəxsi "Embraer Legacy 600" təyyarəsini icarəyə götürüb. "Reuters"in məlumatına görə, Bəşər Əsəd rejiminin süqutuna qədər 48 saat ərzində təyyarə BƏƏ-yə 4 uçuş həyata keçirib. Dördüncü uçuş dekabrın 8-də Rusiyanın Suriya sahillərindəki Xmeymim hərbi aviabazasından həyata keçirilib. Həmin gün Bəşər Əsəd Rusiyaya gedib və orada siyasi sığınacaq alıb.
"Reuters" mənbəsi bildirib ki, sərt disklərdə maliyyə qeydləri, iclas protokolları, şirkətlərin mülkiyyəti, mülklər və tərəfdaşlıqlar, həmçinin pul köçürmələri, ofşor şirkətlər və hesabların təfərrüatları var.
Bəşər Əsəd 2000-ci ildən, ailəsi isə 1971-ci ildən ölkəyə rəhbərlik edib. Müxalif qrupların koalisiyası noyabrın 27-də Suriyada genişmiqyaslı hücuma keçib və dekabrın 8-də hakimiyyətin ələ keçirildiyi elan olunub. "Bloomberg" adı açıqlanmayan bir neçə mənbəyə istinadən xəbər verib ki, müxaliflər Dəməşqə yaxınlaşarkən Rusiya Bəşər Əsəd və ailəsini dərhal təhlükəsiz təxliyə təklifini edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Suriyanın keçmiş prezidentinə "lazımi dərəcədə köməklik göstərildiyini" bildirib. Kreml vurğulayıb ki, Əsəd istefa qərarını özü verib.
Aydın
Şərhlər