Xəbər lenti

Bank kartlarından pul oğurlanması kütləvi hal alır: Günahkar kimdir?
Ekonomiks 13:47 18.04.2025

Bank kartlarından pul oğurlanması kütləvi hal alır: Günahkar kimdir?

"Bankların avtomatlaşdırılmış təhlükəsizlik sistemi olmalıdır və belə halların qarşısını dərhal alınmalıdır. Amma banklar bunun qarşısını ala bilmir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov vətəndaşların pullarının bank kartlarından oğurlanması faktlarından danışarkən deyib. 

Vətəndaşların kartlarından pullarının çıxarılmaması üçün nə etmək olar?

Əkrəm Həsənov bunun əyani şəkildə izahını belə verdi:

"Siz yol gedirsiz və haradasa oturmusunuz, cüzdanınızı unudursunuz, yaxud da onu kimsə görüb məlumatları götürür. Elə bilin, evdən çıxmısınız, qapını açıq qoymusunuz. Gələrkən görürsünüz ki, evə oğru girib, əşyaları aparıb. Bank kartlarından pulların oğurlanması da əsasən belə hadisələrə görə baş verir. Vətəndaşlar öz kart məlumatlarını ikinci, üçüncü şəxslərə verir. Kimsə zəng edir, məlumat istəyir, bilmədən bütün kart məlumatlarını ona verirlər. Halbuki dəfələrlə izah olunub ki, kart məlumatları ikinci şəxslərə verilməməlidir. Hətta zəng edən şəxs desə ki, bankdandır, ona belə verməyin. Yadınızda saxlayın, bank heç zaman telefonla məlumatlar istəməz. Yaxud da tanınmamış bir sayta girirlər və nəsə alarkən kart məlumatlarını orada qeyd edirlər. Sonra da deyirlər, kartdan pulumuz çıxarılıb".



Əkrəm Həsənov ancaq tanınmış saytlardan alış-veriş etməyi tövsiyə edib, yaxud da:

"Elementar təhlükəsiz qaydalarına riayət etmək lazımdır. İki kart alın, biri ödəniş, digəri pul saxlamaq üçün. Nəsə alarkən də ödəniş etdiyiniz kartdan istifadə edin. Pulu saxladığınız kartdan ödəniş etdiyiniz karta köçürün və alış-veriş edin. Belə olarsa, pulunuz daha etibarlı yerdə olar".

Əkrəm Həsənov pulların kartlardan çıxarıldığına görə, bankları da günahlandırıb:

"Bəzi hallarda bankların da günahı var. Bankların sistemlərinə daxil olub vətəndaşların pulunu oğurlayırlar. Bu hallar azdır. Yaxud hətta vətəndaş kart məlumatlarını kiməsə ötürübsə, bəzən belə hallarda pullar birdəfəlik deyil, hissə-hissə çıxarılır. Burada artıq bankların avtomatlaşdırılmış təhlükəsizlik sistemi olmalı və belə halların qarşısı dərhal alınmalıdır. Amma ala bilmirlər. Bu da bankların günahıdır".

Qeyd edək ki, aprelin 17-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla bank kartlarından 34427, 7050, 3970, 1500, 999, 830, 670, 500, 483, 303, 300, 250, 192, 85 manat pul vəsaitləri çıxarılıb. Ümumilikdə bank kartlarından  51 559 manat oğurlanıb. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->