"Mövcud olanın üzərinə calaq vurmaqdan imtina etmək üçün problemə kompleks şəklində yanaşmalıyıq, lakin təəssüf ki, bunu etmirlər".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov paytaxtdakı kanalizasiya sisteminin bərbad vəziyyəti və bu problemin aradan qaldırılması yolları barədə danışrkən deyib:
"Bakı şəhərinin kanalizasiya sistemi Sovet dövrünün şəhərsalma planına hesablanıb. Sovet dönəmində 800-900 min əhalisi olan şəhərdə indi rəsmi olaraq 3 milyon insan yaşayır. Amma qeyri-rəsmi daha çoxdur. Şəhər infrastrukturunun inkişaf etdiyi bir şəraitdə isə mövcud kanalizasiya sistemləri fors-major hallarına davam gətirmir. Ən azından son 6 ayda belə vəziyyətlə iki dəfə rastlaşdıq", deyə Fuad İbrahimov bildirib.
Ekspert qeyd edir ki, problemin tənzimlənməsi məsələyə kompleks yanaşma tələb edir:
"Nə yol kommunikasiyası, nə də digər kommunikasiyalarda bu, nəzərdə tutulmur. Cari təmir, yeni yaşayış kompleksinin mövcud kanalizasiya sisteminə birləşməsi isə genişlənmə işi sayıla bilməz. Yol infrastrukturundakı 6 metrlik yola avtobus, velosiped zolağı da salınıb. İkinci mərtəbə yolun salınması barədə heç kim düşünmür. Amma mövcud olanın içində rekonstruksiyalar edirik. Kanalizasiya sistemində də belədir. Yəni mövcud olana calaq vurmaqla işimizi bitmiş hesab edirik. Ona görə də yağış yağan kimi fors-major vəziyyətinə düşürük".
Qeyd edək ki, Bakı şəhərində dünən yağan yağış paytaxtın kanalizasiya sisteminin olduqca acınacaqlı vəziyyətdə olduğunu göstərdi. Yağan yağış şəhərin müxtəlif hissələrində həm piyada, həm də avtomobillərin normal keçidinə əngəl olmaqla yanaşı, xeyli müddət paytaxt yollarının iflic duruma düşməsinə səbəb oldu. Lakin mövcud vəziyyət dəfələrlə təkrarlansa da, nədənsə problem hələ də aradan qaldırılmır.
Rüfət Sultan
Şərhlər