Xəbər lenti

Avrasiya materiki ölkələrinin səfirləri ilə toplantı – Rusiyanın yeni niyyəti
Dünya 19:51 08.04.2025

Avrasiya materiki ölkələrinin səfirləri ilə toplantı – Rusiyanın yeni niyyəti

"Rusiya Ukraynada başlatdığı işğal hərəkəti ilə, bütün ölkələrin özünü Rusiyadan qorumağa çalışdığı bir durumda öz oxu ətrafında yeni təhlükəsizlik konsepsiyası hazırlamaq hüququnu artıq itirib”. 

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Azər Qasımov Rusiya XİN rəhbəri Lavrovun Moskvada Avrasiya materiki ölkələrinin Moskvadakı səfirləri ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib.   

Həmsöhbətimiz düşünür ki, belə bir toplantı Rusiyanın yenidən beynəlxalq arenada oyunçu olmaq niyyətlərini həyata keçirməyə başladığının göstəricisi sayıla bilər:
"Üç ildən çoxdur ki, Rusiya işğalçı imici ilə bütün sivil dünyadan təcrid edilib. Mötəbər toplantılardan kənarda qalıb. Lakin Trampın yürütdüyü siyasətdən sonra Rusiyanın siyasi arenada yenidən aktivliyi hiss edilir”. 
 


A. Qasımovun fikrincə, Avrasiya ölkələri ilə keçirilən toplantının mahiyyəti ondan ibarətdir ki, Rusiya bundan sonra nə Avropa, nə də digər sivil ölkələrlə ən azı işğal davam etdirdiyi müddətdə heç bir iqtisadi və siyasi əlaqələr qura bilməyəcək:

"ABŞ-la əlaqələrin xarakteri də hələlik tam formalaşmayıb. İndi Moskvanın münasibət qura biləcəyi tək arena Avrasiyadır”. 

Ekspert qeyd edir ki, Yaxın Şərq və Cənubi Qafqaz regionunun təhlükəsizlik məsələləri isə Rusiyanın zəif yerləridir:

"Yaxın Şərq böyük ölçüdə Rusiyanın təsir dairəsindən çıxıb. Cənubi Qafqaz isə Rusiya üçün ən həyati regiondur. Rusiyanın təhlükəsizlik arxitekturasının mahiyyəti əslində ətraf ölkələrin həyati kriteriyaları ilə tərs mütənasibdir”. 

A. Qasımov deyir ki, bu baxımdan da Cənubi Qafqaz regionu daxil bütün postsovet ölkələri öz təhlükəsizliklərini başqa yerlərdə axtarırlar: 

"Bu isə Rusiyanın Lavrovun dediyi ümumi təhlükəsizlik konsepsiyasını şübhə altına alır. Hesab edirəm ki, Rusiya Ukraynaya başlatdığı işğal hərəkəti ilə özünün yeni təhlükəsizlik konsepsiyası hazırlamaq barədə hüququnu itirib. Bütün ölkələrin özünü Rusiyadan qorumağa çalışdığı bir durumda Avrasiya məkanı ölkələrinin ümumi təhlükəsizlik məsələlərində Rusiya ilə ortaq iş qurması ehtimalı çox zəifdir”. 

Qeyd edək ki, aprelin 7-də Rusiya XİN rəhbəri Sergey Lavrovun Avrasiya materikinin bir sıra ölkələrinin Moskvada akreditasiya olunmuş diplomatik missiyasının nümayəndələrilə görüş keçirib. Lavrov burada Avroatlantik təhlükəsizlik konsepsiyasının böhran keçirdiyinə qiymət verərək, NATO ölkələrinin təhlükəli hərəkətlərinə diqqət çəkib. O, habelə Yaxın Şərqdəki gərgin vəziyyət, Cənubi Qafqaz və Mərkəzi Asiya üçün risklərə də toxunub. 

Toplantıda həmçinin, Avrasiya materikində təhlükəsizliyin yeni arxitekturasının yaradılması ilə bağlı Putinin təşəbbüsü ətrafında fikir mübadiləsi aparılıb. Bir sözlə, görünən odur ki, Rusiya öz oxu ətrafında yeni bir birlik yaratmağı hədəfləyib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->