"Amazon"un 2024-cü il üzrə maliyyə hesabatları, şirkətin yüksək vəzifəli rəhbərlərinə verilən əlavə imtiyazlar və təhlükəsizlik xərclərinin şirkət siyasətinin mühüm hissəsinə çevrildiyini ortaya qoyur. Bununla belə, bu ödənişlərin səhmdarların baxış bucağından necə dəyərləndiriləcəyi müzakirə mövzusudur.
Qaynarinfo-nun məlumatına görə, hesabatlar göstərir ki, şirkətin qurucusu Ceff Bezos icraçı direktor vəzifəsindən ayrılmış olsa da, hələ də nəzərəçarpacaq gəlir əldə edir. Hazırkı icraçı direktor Endi Cessi isə Bezosla müqayisədə təqribən 4,5 qat yüksək maaş alır. Lakin hər iki liderə verilən əlavə ödənişlər və təminatlar arasında ciddi fərq var.
Ceff Bezos və Endi Cessinin gəliri
2024-cü ildə Ceff Bezosun rəsmi maaşı 81.840 ABŞ dolları olub. Bununla yanaşı, onun təhlükəsizlik xərcləri üçün aldığı 1,6 milyon dollarlıq əlavə ödəniş ümumi gəlirini əhəmiyyətli dərəcədə artırıb. Şirkət Bezosun maaşının aşağı və əlavə imtiyazlarının məhdud olması səbəbilə bu yüksək təhlükəsizlik xərclərini əsaslandırıb.
Hazırkı rəhbər Endi Cessinin illik maaşı isə 365.000 dollar təşkil edir.
Digər rəhbərlərin maaşları
"Amazon"un maliyyə hesabatları digər yüksək vəzifəli rəhbərlərin gəlirlərini də açıqlayıb:
- Endi Cessi (icraçı direktor), Brayan Olsavski (maliyyə direktoru), Duqlas Herrinqton ("Amazon Stores"un icraçı direktoru) və Devid Zapolski (qlobal işlər və hüquq üzrə rəhbər): hər biri 365.000 dollar;
"Amazon Web Services"in (AWS) icraçı direktor Mett Qarman: 358.750 dollar.
Şirkət rəhbərliyi, yüksək vəzifəli şəxslərin təhlükəsizliyi üçün illik 1,2 milyon dollar dəyərində xərcin məqbul olduğunu bildirir. Lakin bəzi səhmdarlar bu xərclərin zəruriliyi ilə bağlı fərqli mövqe tutur.
Adi işçilərin maaş göstəriciləri
2024-cü il üzrə hesabatda o da qeyd olunub ki, "Amazon" işçilərinin orta illik maaşı 37.000 dollar təşkil edir. Bu, aylıq təxminən 3.000 dollara bərabərdir.
Bu göstəricilər, rəhbərlərə verilən əlavə üstünlüklərlə adi əməkdaşların maaşları arasındakı fərqin həm səhmdarlar, həm də ictimaiyyət tərəfindən diqqətlə izlənildiyini göstərir.
Aydın
Şərhlər