"AB ABŞ olmadan da Ukraynaya hərtərəfli kömək edə bilər, ancaq bunun üçün siyasi iradə lazımdır”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Zərdüşt Əlizadə ABŞ-ın Kiyevə dəstəyi dayandırması fonunda, Avropa Birliyinin bu işin öhdəsindən təkbaşına gələ bilib-bilməyəcəyini şərh edərkən deyib:
"Avropa Birliyinə üzv ölkələrin ümumi məcmu sərvətləri nəhəngdir. AB hərtərəfli maliyyə, hərbi imkanlara malikdir. AB-nin əhalisi 480 milyondur, Rsiyanın əhalisi isə cəmi 140 milyon. AB ümumdüyna milli məhsulun 11 faizini, Rusiya isə cəmi 1,5 faizini istehsal edir. Yəni AB-nin maddi, maliyyə imkanları Rusiyadakından 10 dəfə çoxdur”.
Politoloq qeyd edir ki, AB Ukraynanın məğlubiyyətinin özləri üçün də təhlükə gətirəcəyini anlamalıdır:
"Belə olan halda hər şey siyasi iradədən asılıdır. Siyasi iradə olsa, onların Ukrayna ordusunun silah-sursata olan tələbatını tamamilə ödəmək imkanları var. Avropa anlamalıdır ki, Rusiyanın Ukrayna üzərində qələbəsi "köhnə qitə”nin də gələcəkdə Moskvanın təsiri altına düşməsi deməkdir. Bunu anlasalar, Kiyevə kömək hərtərəfli edəcəklər. Yəni burada əsas məsələ Avropa ölkələrinin siyasi liderlərinin qabiliyyəti məsələsidir. Onların qabiliyyəti çatsa, ABŞ olmasa belə, Kiyevə kömək əlini uzadacaqlar. Bu baş verərsə, Ukrayna rus ordusu qarşısında duruş gətirəcək. Hətta ola bilsin qələbə də çalsın”.
Qeyd edək ki, xarici mətbuatda Ukraynanın ən pis senariyə, xüsusilə də Birləşmiş Ştatların dəstəyinin dayandırılmasına hazırlaşdığı barədə məlumatlar yer alıb.
Bu barədə "Bild” qəzetinin baş redaktorunun müavini Paul Rontshaymerin məqaləsində deyilir.
"Biz ən pis senariyə, yəni ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşırıq”, – Ukrayna hökumətindəki mənbə söyləyib.
Trampın fəaliyyəti belə düşünməyə əsas verir ki, ABŞ sonda Kiyevə dəstəyi dayandırmaq yolunu tutacaq. Belə ki, Tramp yenidən atəşkəsin əldə olunmamasına görə, Ukraynanı günahlandırmağa başlayıb. O, Rusiyaya isə "gözün üstə qaşın var” deyə bilmir və yaxud demək istəmir.
ABŞ-ın dəstəyi dayandırılarsa, Ukraynanın ümidləri yalnız Avropaya qalacaq. Belə olarsa, əsas məsələ Avropanın təkbaşına bu işin öhdəsindən gələ bilib-bilməməsi məsələsi olacaq.
Rüfət Sultan
Şərhlər