"Bunun baş verməsi üçün hələlik heç bir əsas yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Parisdə Fransa və ABŞ nümayəndələri arasında baş tutan görüşün yenidən ABŞ ilə Avropanın Ukrayna məsələsində birgə fəaliyyət göstərməyə başladıqları anlamına gəlib-gəlmədiyini şərh edərkən deyib.
"Belə görüşlərin birdən-birə ciddi dönüş yaradacağına inanmıram. Bunun üçün elə bir əsas da yoxdur. Sözsüz ki, müəyyən korrektivlər, yumşalmalar olacaq. Bu gözlənilir. Düşünürəm ki, Tramp indi yürütdüyü siyasətdən sonda uzaqlaşmalı olacaq. Amma bütün bunlar hamısı vaxt tələb edir və indiki mərhələdə bu, real deyil", deyə Arif Əliyev bildirib.
ABŞ-ın Ukrayna müharibəsində bir neçə həftə ərzində tam atəşkəsə nail olmaq istəklərinə gəldikdə, həmsöhbətimiz bunun da real olmadığı qənaətindədir:
"Artıq Trampın ən yaxın adamları belə onun sözlərinə inanmağa son verib. Tramp gələndən bəri ancaq onu eşidirik ki, o nəyisə vəd edir, sonda isə vədinin nə səbəbdən alınmadığını izah edir. Hələ ki, nə Rusiyanın davranışında ciddi dəyişiklik var, nə də ki, Amerikanın Ukraynaya münasibətində hər hansısa bir dönüş hiss olunur. Ona görə də bu sayaq açıqlama da boş sözlərdən başqa bir şey deyil".
Qeyd edək ki, "Bkoomberg" nəşrinin yazdığına görə, ABŞ Ukraynada bir neçə həftəyə atəşkəsin tam bərqərar olmasını planlaşdırır. Belə ki, məlumata görə, Parisdə ABŞ və Fransa nümayəndələri arasında keçirilən görüşdə Trampın təmsilçiləri Ukrayna ilə Rusiya arasındakı müharibədə bir neçə həftə ərzində tam atəşkəsə nail olmaq istədiklərini bildiriblər.
"Amerikalı rəsmilər yaxın vaxtlarda əhəmiyyətli irəliləyiş gözlədiklərini bildiriblər və cümə axşamı keçirilən görüşün iştirakçıları bu istiqamətdə birgə çalışmağa razılaşıblar", deyə Bloomberg yazır.
Nəşr onu da qeyd edir ki, Paris görüşü Avropanın danışıqların nəticəsinə təsir göstərmək üçün növbəti cəhdidir. Bu, Avropanın və Kiyevin ABŞ-ın müharibənin dayandırılması üzrə səylərinə tam dəstək verdiyini göstərmək məqsədi daşıyır və Rusiyanın atəşkəslə bağlı danışıqlarda ciddi olduğunu sübut etməsi üçün mesajdır.
Bu görüşdən sonra Almaniya, Fransa, ABŞ və Böyük Britaniyadan olan milli təhlükəsizlik müşavirləri və danışıqlar aparan nümayəndələr növbəti həftə Londonda bir araya gələrək müzakirələri davam etdirəcəklər.
Xatırladaq ki, aprelin 17-də Parisdə Fransa Prezidenti Emmanuel Makron ABŞ dövlət katibi Marko Rubio Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff-la görüşüb.
Rüfət Sultan
Şərhlər