ABŞ Moskva ilə Kiyev arasında genişmiqyaslı sülh razılaşmasının bir hissəsi olaraq qanunsuz şəkildə ilhaq edilmiş Krımı Rusiyanın ərazisi kimi tanımağa hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bu mümkün güzəşt prezident Donald Trampın atəşkəs barədə razılaşma əldə etməyə can atmasının növbəti göstəricisidir. Bu bəyanat onun və dövlət katibi Marko Rubionun sülh prosesinə vasitəçilik səylərindən imtina etməyə hazır olduqlarını deməsindən sonra verilib - əgər yaxın zamanda irəliləyiş olmazsa.
Məqalədə bildirilir ki, bu addım beynəlxalq hüquq və güc tətbiq etməklə torpaq zəbtini qadağan edən müqavilələri sarsıda bilər. "Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə bəyan edib ki, heç bir ərazini Moskvaya güzəştə getməyəcək. Amma bu qərar Rusiya Prezidenti Vladimir Putin üçün böyük uğur olardı, çünki o, uzun müddətdir Krım üzərində Rusiya suverenliyinin beynəlxalq səviyyədə tanınmasına çalışır", deyə yazıda vurğulanır.
Nəşrin mənbələri bildiriblər ki, bu məsələ ilə bağlı hələ yekun qərar verilməyib. Danışıqlarla tanış olan bir ABŞ rəsmisi Krımın tanınması ehtimalına dair sualları cavabsız qoyub.
Avropalı rəsmilərdən biri daha əvvəl demişdi ki, ABŞ-ın planları hələ Kiyevlə ətraflı müzakirə olunmalıdır və bu planlar yekun nizamlanmaya gətirib çıxarmayacaq. O həmçinin qeyd edib ki, Avropa müttəfiqləri Rusiya tərəfindən işğal olunmuş heç bir ərazini tanımaq niyyətində deyil.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bu həftə bildirib ki, ümumi razılaşmanın açarı "beş ərazi" ətrafında cəmləşir. O, detalları açıqlamasa da, bu ifadə narahatlıq doğurub. Rusiya isə israr edir ki, 2014-cü ildən etibarən işğal etdiyi Ukraynanın bəzi hissələri - o cümlədən Krım yarımadası və dörd vilayətin - Zaporojye, Xerson, Luqansk və Donetsk - geniş əraziləri hər hansı sazişdə Rusiyaya məxsus kimi tanınmalıdır.
Sonradan Zelenski Uitkoffa sərt reaksiya verib və onu "Rusiya strategiyasını qəbul etməkdə" ittiham edib. O, həmçinin bildirib ki, Trampın nümayəndəsinin Ukrayna əraziləri ilə bağlı müzakirə aparmağa mandatı yoxdur, çünki bu ərazilər xalqa məxsusdur.
Alpər
Şərhlər