Xəbər lenti

ABŞ-la Rusiyanın əldə etdiyi razılıq Ukrayna münaqişəsini həll edəcəkmi?
Dünya 14:27 26.04.2025

ABŞ-la Rusiyanın əldə etdiyi razılıq Ukrayna münaqişəsini həll edəcəkmi?

"Vaşinqtonla Moskvanın Ukrayna məsələsində mövqelərinin yaxınlaşması heç də münaqişənin tənzimlənməsi anlamına gəlməyəcək”.      

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkofun Moskvada Rusiya prezidenti Putinlə son görüşünü şərh edərkən deyib.

"Bu görüşdə təkcə Ukrayna mövzusu deyil, bütövlükdə regionda təsir zonası ilə bağlı bəzi məsələlər də müzakirə olunub. Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya, Arktika coğrafiyasında təsir zonaları ilə bağlı mövqe yaxınlaşması ətrafında müzakirələr aparıblar”, deyə Üzeyir Şəfiyev bildirib.

Ekspertə görə, tərəflərin Ukrayna məsələsində əldə etdikləri razılıq heç də hər şeyin hamar və rəvan gedəcəyi anlamına gəlmir: 

"Kiyev Krımın ilhaqı ilə barışmayacağını bildirir. Zelenski atəşkəslə razılaşaraq, işğal edilən əraziləri de-fakto Rusiyanın nəzarət ərazisi kimi qəbul etsə də, de-yure qəbul etmir. Ukrayna məsələsinin ABŞ-ın təklifləri şəklində tənzimlənməsi belədə nə Kiyevi, nə də Avropanı qane edir. O  baxımdan Vaşinqtonla Moskvanın Ukrayna məsələsində mövqelərinin yaxınlaşması heç də münaqişənin tənzimlənməsi anlamına gələ bilməz. Məsələ bəyan olunan səviyyədə öz həllini tapmayacaq. Çünki bu, Ukraynanın kapitulyasiyası demək olacaq”. 

Konfliktoloq qeyd edir ki, Tramp ilk andan Rusiyaya münasibətdə taktiki səhvə yol verib:

"O, öncədən Rusiya ilə münasibətdə taktiki səhvə yol verərək, onu işğalçı kimi dəstəklədi. Onun taktiki gedişləri özünü doğrultmadı. Trampdan gözləntilər puça çıxdı”. 
 


Həmsöhbətimizin fikrincə, ABŞ-la Rusiya cütlüyü dünyanın şəriksiz gücləri ola bilməzlər:

"Tərəflər Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya, Arktika coğrafiyasında da bəzi mövqe yaxınlaşması əldə edə bilərlər. Ancaq Rusiya ilə ABŞ dünyanın şəriksiz gücləri deyil. Çin də var. Çin öz inkişafı baxımından Ukrayna müharibəsindən məharətlə istifadə etdi. O artıq Avropa İttifaqının timsalında rəqibini də tərəfdaşa çevirmək üzrədir. Rusiya-ABŞ yaxınlaşması digər geosiyasi konfiqurasiyada güc mərkəzlərinin formalaşması üçün zəmin yaratdı və Avropanı zəifləməkdən, çürüməkdən xilas etdi. Yəni Rusiya ilə ABŞ heç də şəriksiz güc mərkəzləri deyil”. 

Bütün bunlar isə ekspertə görə, Putinlə Uitkof arasında görüş və əldə edilən razılaşmaların effektiv olmayacağına işarədir:

"Çünki burada söhbət təsir zonalarını bölməyə hesablanmış siyasi bazarlaşmadan gedir. Deməli, Moskvada beynəlxalq hüquqa hörmət edilmədən verilən bəyanatlar yaxın perspektivdə öz səmərəsizliyini göstərməklə mənasını itirəcək. Çox şey Ukrayna xalqının iradəsi və Avropanın Kiyevin kapitulyasiyası ilə qəbullanmamasından asılıdır. Əks təqdirdə, dünyada sabitliyə ümid etmək çətin olacaq”. 

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putinlə Uitkof arasında üç saat davam edən görüşün konstruktiv və faydalı olduğunu açıqlayıb. "Bugünkü söhbət bizə təkcə Ukrayna ilə bağlı deyil, digər beynəlxalq məsələlərdə də mövqelərimizi daha da yaxınlaşdırmağa imkan verdi”, - deyə Putinin köməkçisi deyib.

Uşakov qeyd edib ki, görüşdə Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası imkanları müzakirə olunub.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->