Xəbər lenti

ABŞ-la bu müqavilə Trampın Ukraynaya münasibətində dönüş yaradacaqmı?
Dünya 16:41 18.04.2025

ABŞ-la bu müqavilə Trampın Ukraynaya münasibətində dönüş yaradacaqmı?

"Bu müqavilə hər iki tərəfin milli, dövlət, iqtisadi maraqlarına uyğun imzalanacaqsa, müharibənin gedişində Donald Trampın Ukraynaya münasibətində yeni fərqli siyasətin şahidi olacağıq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Kiyevlə Vaşinqton arasında nadir mineral ehtiyatlarla bağlı müqavilənin imzalanmasının ABŞ prezidenti Donald Trampın Ukraynaya münasibətində müsbət dönüş yaradıb-yaratmayacağı sualına cavabında deyib.

Taleh Əliyev bildirib ki, Ukrayna mineral ehtiyatlarının ABŞ-a satılması ilə bağlı müqavilə bir necə ay bundan öncə Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri çərçivəsində imzalanmalı idi:

"Amma sonradan mətbuata sızdırılan məlumatdan aydın oldu ki, həmin sənəd tərəflərin bərabər hüquqlu işgüzar münasibətlərini tənzimləyən müqavilədən daha çox Ukrayna məhsullarının mənimsənilməsi anlamına gələn şərtlərlə zəngindir. Ona görə müqavilə imzalanmadı. Nəticədə Tramp adminstrasiyasının Kiyevə münasibətdə daha çox mənfi yanaşmasının şahidi olmağa başladıq. Lakin sonradan münasibətlərdə yenidən yumşalma baş verdi".
 


Ekspert qeyd edir ki, nadir mineral ehtiyatlarıyla bağlı müqavilə həqiqətən də Ukraynanın suverenliyi, iqtisadi maraqlarına hörmətlə yanaşmanı özündə ehtiva edərsə, aprelin 24-də nəzərdə tutulan sənəd imzalanacaq: 

"Bu baş verəcəksə, təbii ki, ABŞ Ukrayna münasibətlərində yeni bir mərhələ kimi qiymətləndiriləcək. Bu artıq Amerikanın Ukraynada iqtisadi amillər səbəbindən mövcudluğunu şərtləndirəcək. Belədə Rusiya tərəfindən mineral ehtiyatlarla zəngin ərazilərin bombalanması təkcə Ukrayna ərazisinin deyil, həm də ABŞ-ın mülkiyyətində olan ərazilərin bombalanması, işğalı anlamına gələcək. Nəticədə müharibənin gedişində ABŞ-la Rusiya arasında yeni ixtilafların yaranması, Tramp tərəfindən Rusiyaya qarşı təzyiq və sanksiyaların kəskinləşməsi anlamına gələn siyasətin reallaşacağının şahidi ola bilərik. Yəni müqavilə hər iki tərəfin milli, dövlət maraqlarına uyğun imzalanacağı təqdirdə, müharibənin gedişində Trampın Ukraynaya münasibətində fərqli, yeni siyasətin şahidi olacağıq. Lakin bu, hələ ki, müharibənin sonunun gətirilməsi anlamına gəlməyəcək".

Qeyd edək ki, Vaşinqton və Kiyev aprelin 24-də Ukrayna mineral ehtiyatları haqqında saziş imzalayacaq. Belə bir açıqlama ilə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən çıxış edib. 

"İnanıram ki, gələn cümə axşamı saziş bağlanacaq. Əminəm ki, onlar (Ukrayna - red.) müqavilənin şərtlərini yerinə yetirmək niyyətindədirlər, bunu görəcəyik", deyə dövlət başçısı qeyd edib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->