"12 aprel danışıqlarında müəyyən dərəcədə yumşalma meyilləri hiss olunur".
Bunu Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Azər Hüseynov Omanda baş tutan ABŞ-İran danışıqlarının ilk raundunu şərh edərkən deyib.
Azər Hüseynov bildirib ki, Amerikanın İranla danışıqlara başlamamışdan əvvəl tutduğu kəskin mövqe, xüsusən də regiondakı vəziyyət və ABŞ-ın qlobal maraqları ilə əlaqədar ciddi bir vəziyyət yaradırdı:
"Bu mövqe o qədər sərt idi ki, ABŞ-ın İranı hərbi yolla hədəf alması ehtimalını da yaradırdı. Lakin zamanla gedişat göstərdi ki, həmin sərt mövqe gözlənildiyi qədər təsirli olmadı. Ona görə də diplomatik yola üstünlük verdilər".
Ekspertin fikrincə, burada əsas məsələ, ABŞ-ın bölgə gücləri, xüsusən də Türkiyə ilə münasibətlərini nəzərə almasıdır:
"Xüsusilə, Türkiyə və digər regional oyunçuların mövqeyi, İranın hərbi yolla zərərsizləşdirilməsi məsələsinə ciddi təsir göstərdi. ABŞ-ın İranla bağlı mövqeyindəki yumşalma, ilk növbədə, diplomatik yolların işləməsi və gərginliyin azaldılması məqsədini güdür. Amma bununla belə, ABŞ-ın ehtiyatda tutduğu başqa bir senari də var - İranın hərbi yolla vurulması. ABŞ bu ehtimala qarşı hazırlıq görməkdə davam edəcək".
Bir sözlə, Azər Hüseynov düşünür ki, ABŞ-ın danışıqlar prosesində yumşalmış kimi görünən mövqeyi, regiondakı böyük güclərin təsiri və müttəfiqlərinin mövqeyi ilə şərtlənir:
"ABŞ regiondakı güclərlə razılaşdırmadan hərəkət etməməyə çalışır və bu, gələcəkdə İranla bağlı qərarlarında daha ehtiyatlı yanaşmaları tələb edə bilər. Lakin bu yumşalma mövqeyi, müttəfiqlərinin təzyiqi və beynəlxalq vəziyyətin dəyişməsi ilə yenidən sərtləşə bilər. Nəticədə, bu vəziyyətin necə inkişaf edəcəyi hələ də qeyri-müəyyəndir və gələcəkdə daha ciddi addımlar atıla bilər".
Qeyd edək ki, Omanda ABŞ və İran nümayəndələri arasında keçirilən görüş başa çatıb. Görüşün detalları barədə demək olar ki, heç bir açıqlama verilmir. Hətta ABŞ prezidenti Donald Tramp da danışıqlarla bağlı öz fikirlərini açıq şəkildə bildirməkdən imtina edib.
"Düşünürəm ki, danışıqlar yaxşı gedir. Siz bunu etməyincə heç bir şeyin əhəmiyyəti yoxdur. Ona görə də bu barədə danışmağı xoşlamıram. Bununla belə, hər şey yaxşı gedir. Məncə, İranla bağlı vəziyyət kifayət qədər yaxşı inkişaf edir", Tramp "Air Force One"ın göyərtəsində deyib.
Danışıqlarda iştirak edən mənbələr CNN-ə bildiriblər ki, Tramp administrasiyası sürətlə hərəkət etmək istəyir.
Xatırladaq ki, danışıqların növbəti mərhələsi aprelin 19-na təyin edilib.
Rüfət Sultan
Şərhlər