Xəbər lenti

Saharada tapılan meteoritlər Günəş sisteminin ən müəmmalı planetindən ola bilər
Dünya 22:55 20.07.2025

Saharada tapılan meteoritlər Günəş sisteminin ən müəmmalı planetindən ola bilər

İki il əvvəl Sahara səhrasında tapılmış iki meteoritin Merkuridən gəlmiş ola biləcəyi ehtimal edilir. Bu, onları Günəş sisteminin ən az öyrənilmiş və ən müəmmalı planetinin ilk tanınmış fraqmentlərinə çevirə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN yazıb.

Merkuri – Günəş sistemində yerləşən planetlər arasında ən yaxın məsafədə yerləşdiyindən, onun araşdırılması hətta kosmik zondlar üçün də olduqca çətindir.  İndiyədək Merkuriyə cəmi iki zond – 1973-cü ildə buraxılmış "Mariner 10" və 2004-cü ildə göndərilmiş "MESSENGER" yaxınlaşıb. Üçüncü zond - Avropa Kosmik Agentliyinin "BepiColombo" cihazı isə hazırda yoldadır və növbəti ilin sonuna qədər planetin orbitinə daxil olması gözlənilir.

Alimlər Merkuri haqqında çox az məlumata malikdirlər və indiyədək bu planetdən Yerə düşmüş meteorit nümunəsi öyrənilməyib. Mütəxəssislər arasında bu barədə fikir ayrılığı olsa da, bəzi astronomlar Merkurinin meteoritlər yarada biləcəyini düşünürlər.

"Bizdə Ay və Mars mənşəli meteoritlərin sayı çoxdur. Dinamik modellərə əsasən, Merkuri mənşəli təxminən 10 meteoritimiz olmalı idi", deyə Böyük Britaniyanın Açıq Universitetindən tədqiqatçı Ben Rayder-Stoks bildirib.

Lakin o əlavə edib ki, Merkuri Günəşə daha yaxın yerləşdiyi üçün ondan qopmuş hər hansı materialın Yerə çatması üçün həm də Günəşin cazibə qüvvəsini dəf etməsi lazımdır. Bu, nəzəri cəhətdən mümkündür, lakin xeyli çətindir. Hazırda heç kim Merkuridən gəldiyi dəqiq şəkildə təsdiqlənmiş meteorit tapmayıb.

Rayder-Stoks qeyd edib ki, 2023-cü ildə tapılmış bu iki meteoritin həqiqətən Merkuriyə aid olması təsdiqlənərsə, bu, planetin geologiyası və tərkibi barədə anlayışımızı xeyli genişləndirə bilər.

Bununla belə, alimlər meteoritlərin Merkuriyə aid olduğunu sübut etməkdə bəzi ziddiyyətlərə diqqət çəkiblər. Əsas məsələ onların yaş fərqidir – fraqmentlər Merkuri səthindən təxminən 500 milyon il daha qədimdir. Lakin bu fərqin, MESSENGER zondundan alınan məlumatların qeyri-dəqiqliyi ilə əlaqəli ola biləcəyi düşünülür.

Rayder-Stoks bildirib: "Merkurinin materialını birbaşa əldə etməyincə və ya onun səthinə getməyincə, bu nümunələrin Merkuridən gəldiyini tam əminliklə sübut etmək və ya təkzib etmək çox çətin olacaq".

Yenə də meteoritlərin tərkibi bu ehtimalı gücləndirə bilər. Hər iki meteoritdə də "olivin" və "piroksen" adlı, dəmir baxımından kasıb olan minerallar aşkarlanıb. Bu maddələrin Merkuridə olması "MESSENGER" zondu tərəfindən artıq təsdiqlənib.

Bundan əlavə, meteoritlərin tərkibində dəmirin tamamilə olmaması alimlərin Merkurinin səthi ilə bağlı təxminlərinə uyğundur. Lakin meteoritlərdə "plagioklaz" adlı mineralın izlərinə çox az rast gəlinib, halbuki bu mineral Merkuri səthində üstünlük təşkil edir.

Ən böyük qeyri-müəyyənlik isə meteoritlərin yaşı ilə bağlıdır. Onların yaşı təxminən 4,5 milyard ildir, lakin Merkuri səthinin əsas hissəsi 4 milyard il yaşı ilə hesablanır.

Rayder-Stoksun fikrincə, bu fərq meteoritlərin Merkuridən gəlməsini istisna etmir, çünki səthin yaşı ilə bağlı mövcud məlumatlar tam dəqiq deyil.

Alimlər ümid edirlər ki, 2027-ci ildə Merkurini araşdırmağa başlayacaq "BepiColombo" zondu bu planetin mənşəyi, tərkibi və orada suyun olub-olmaması ilə bağlı suallara cavab verə biləcək.

NASA-nın MESSENGER missiyasının əsas tədqiqatçısı Şon Solomona görə, Səhrada tapılmış meteoritlər Merkuridən deyil. Onun fikrincə, meteoritlərin yaşı, planet səthindəki süxurların yaşına dair ən dəqiq hesablamalardan çox geriyə gedir. Bununla belə, o da etiraf edir ki, bu nümunələr elmi baxımdan böyük əhəmiyyət daşıyır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->